Davud Ağayev ifşa edildi – Vergilər Nazirliyindən xəbərdarlıq

18:00 29-10-2019 492

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta aksiz şübhəli, 20 ədəd aksiz markalı ilə markalanmamış alkoqollu içki və 978 qutu aksiz markaları ilə markalanmamış tütün məmulatları aşkar olunub.

HerGun.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib.

Belə ki, D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markaları ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkilər, 18326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqollu içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan alkoqollu içkilərin nağd qaydada alınması aşkar olunub.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.

Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev 18.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub. Onun barəsində Yasamal Rayon Məhkəməsinin 19.10.2019-cu il tarixli qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Aqşin Kərimov