Müstəqil Azərbaycanın ilk karate çempionu: Bir oğlan deyə bilməz ki, son illərdə məni “Corvette” sürən görüb

13:20 08-11-2019 586

Müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov həm də bir sıra məşhur idmançılarımızın dostu kimi tanınır.

HerGun.Az bu dəfə Xəlilovun özündən müsahibə alıb:

– İdmana gəlişinizi xatırladardınız. Təsadüfmü, yoxsa zərurətdənmi idmana gəldiniz?

– İdmana başlamağımın səbəbi atam, güləş üzrə beynəlxalq idman ustası Eldar Xəlilov olub. O, polis polkovniki, “Dinamo” İdman Cəmiyyətinin rəisi idi. Karate 1983-cü ildən SSRİ-də qadağada idi. Karate ilə ancaq atası hüquq-mühafizə orqanlarında işləyənlərin uşaqları məşğul ola bilirdi.

Mən də yeddi yaşımdan – 1978-ci ildən “Dinamo”da karate müəllimi Mirəli Seyidovun rəhbərliyi altında məşqlərə başlamışdım. 1989-cu ildə artıq karateyə ölkədə icazə verilməyə başlandı. Azərbaycanlı Əziz İsaxanov karate üzrə SSRİ ikincisi olub. Mehdi Həsənov isə 1991-ci ildə SSRİ çempionu olan yeganə azərbaycanlıdır.

Biz onda Mehdi Həsənovun rəhbərliyi altında Rostova, Saratova yarışlara getdik. Yadımdan çıxmamış bir məqamı da qeyd edim ki, Nazim Abdullayev adlı iş adamı o vaxt karateni, idmanı sevən biri idi. O adam yarışlara yollanmağımızda bizə maddi cəhətdən çox böyük dəstək verib. Zədələnəndə idmançıların yanında olub. Hətta onun dəstəyilə avtomobillə təmin olunmuşuq.

– Atanız sizin karatedə məşq etmənizdən razı idi?

– Açığı, yox. O istəmirdi ki, oğlu işlədiyi qurumda karate ilə məşğul olsun. Çünki bu, söz-söhbətlərə səbəb ola bilərdi. Mən isə məşqlərə gizlin gəlirdim. Hətta bunu biləndə məşqçimə töhmət vermişdi. Amma atam işdən gedəndə, mən “Dinamo”da məşqə gəlirdim. Bir məqamı da qeyd edim ki, 42 kv.km-lik ikiotaqlı evdə yaşamışıq. Atam güləşçi olduğundan, onun idmançı dostları bizə qonaq gəlirdi. Qonaqlar gələndə, biz mətbəxdə yatırdıq. Məşhur iranlı güləşçi, Olimpiya və ikiqat dünya çempionu Qulamrza Təxtinin atamla yaxşı münasibətləri olub. O, Bakıya 1963-cü ildə bizim idmançılarla güləşmək üçün gəlib.

– Müstəqil Azərbaycanın ilk karate çempionusunuz. Yarış harada, nə vaxt keçirilirdi? Bunu da bir xatırlayaq...

– 1991-ci ildə ovaxtkı Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti – red.) Azərbaycan çempionatı keçirildi. Mən də ən yüngül çəkidə – 55 kq-da çıxış edirdim deyə, ilk qızıl medal mənə verildi. Təəssüf ki, həmin qızıl medalı indi hara qoyduğumu bilmirəm. Ona görə də indi uşaqlarımın medallarının qədrini bilirəm. Millət vəkili, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev və Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev də həmin çempionatda qızıl medal qazananlar arasında idi.

Bu iki şəxs və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla biz eyni nəsil karateçiləriyik. Komandada ən gənci mən idim. 1980-ci ildə Türkiyədə keçirilən yarışa da gedib orada çempion olmuşdum. Yarışlardan bəzi görüntülər AzTV-nin arxivində var.

– Atanız güləşçi olub. Bəs niyə güləş yox, karateyə maraq yaranıb? Bu, həmin vaxtlar məşhurlaşan amerikan filmlərinin təsiri ilə olmayıb ki?

– Bunlar ayrı-ayrı idman növləri olsa da, insanların xarakteri eynidir. Atam məni əvvəl beşnövçülüyə (atıcılıq, qılıncoynatma, üzgüçülük, atçılıq və qaçışdan ibarət idman növüdür – S.M.) qoymuşdu. Rafiq Sultanzadənin rəhbərliyi altında məşq edirdim.

Keçmiş Karl Marks heykəlinin yaxınlığında atıcılığa gedirdim. İndi Atıcılıq Federasiyasının prezidenti olan Vaqif Axundovun atışları hələ o vaxtdan yadımdadır. Tapança ilə dəqiq atışları vardı. Atıcılıqdan da ona görə çox xoşum gəlirdi. Amma Alik müəllim (Mirəli Seyidov belə çağırılırdı – S.M.) karateni bizə sevdirə bilmişdi.

– Amma sizi tanıyanlar bilir ki, karatedən çox, gimnastikaya maraq göstərirsiniz. Bu sevgi haradan qaynaqlanır? Axı sizin nəsildə heç kim gimnastika ilə məşğul olmayıb...

– Bunun bir tarixçəsi var. Bir dəfə karateyə bir oğlan gəlmişdi. Elə hərəkətlər etdi ki, təəccübümüzə səbəb oldu. Soruşanda dedi ki, əvvəl gimnastika ilə məşğul olmuşam. Onda heç gimnastika barədə təsəvvürüm belə yox idi. Paralel qol hərəkəti edəndə çox xoşuma gəldi. Soruşdum ki, harada məşq etmisən. Dedi ki, “Sahil” metrostansiyasının yanındakı Gimnastika Məktəbində (Təhsil Nazirliyinə tabe olan bu məktəbin tam adı belədir: Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi). Ora getdim. Dedim ki, məni gimnastikaya götürərsinizmi? Onda 13 yaşım vardı. Dedilər ki, sənin üçün gecdir.

Bir dəfə eşitdim ki, həmin yer yanır. Mən də özümü göstərmək üçün başladım torpaqla yanğını söndürməyə. Bununla belə, yenə məni ora götürmədilər (gülür). İdman gimnastikası üzrə dördqat Olimpiya, beşqat dünya və Avropa çempionu Aleksey Nemov yeganə insandır ki, onun çıxışını tamaşaçılar 29 dəqiqə ayaq üstdə alqışlayıb. Onun çıxışına baxdıqdan sonra gimnastikaya həvəsim daha da artdı.

30 yaşım olanda artıq qərar verdim ki, uşağım olsa, onları idman gimnastikasına yazdıracağam. Böyük oğlumun doqquz ayı olanda həmin gimnastika məktəbinə apardım. Məktəbin direktoru dedi ki, niyə belə tez gətirmisən? Dedim ki, o vaxt mən gələndə dediniz gecdir, ona görə tez gətirmişəm. Halbuki Rusiyada uşağın dörd ayı olanda gimnastikaya gətirirlər ki, immuniteti öyrəşsin... Elə oldu ki, sonra digər oğlumu da gimnastikaya yazdırdım.

– Azərbaycanda idman gimnastikasına münasibət necədir?

– Təəssüf ki, çox valideyn gimnastika deyəndə, bunu qız idman növü kimi başa düşür. Gimnastika təkcə bədii gimnastikadan ibarət deyil axı. Gimnastikanın bir neçə növü var. Onlardan biri də idman gimnastikasıdır. Onsuz da idman gimnastikasında edilən hərəkətləri biz əsgərlikdə də edirik. Yəni bu, insanlar üçün çox faydalı idman növüdür.

Bizim gimnastikaya dair çox güclü tariximiz var. Amma təəssüf ki, çoxları bunu bilmir. İlk dəfə 1939-cu ildə Bakıda gimnastikaya dair yarış keçirilib. SSRİ Kuboku Bakıda olub. Yeddiqat Olimpiya, dördqat dünya və doqquzqat Avropa çempionu Nikolay Andrianov bu yarışda çıxış edib. Elə mənim uşaqlarımın məşqçisi Zakir Mehdiyev üç dəfə SSRİ çempionu olub. O həm də Qarabağ müharibəsi veteranıdır.

1992-ci ilin Olimpiya çempionu, dörd dəfə dünya çempionatının qızıl medalçısı Valeri Belenki sonradan Almaniyanı təmsil etsə də, Bakıda doğulub. Qaçışçı Ramil Quliyev, güləşçi Hacı Əliyev, cüdoçu Nicat Şıxəlizadə idmana gimnastikadan başlayıb. Real danışaq. Dövlət gimnastika ilə məşğul olmaq üçün hər bir şərait yaradıb. Valideynlər peşəkar fəaliyyətlə məşğul olmasalar belə, uşaqlarının sağlamlığı üçün onları gimnastikaya yazdırsınlar.

– Özünüz karateçi olsanız da, məşhur idman gimnastları ilə dostluq əlaqələriniz var. Onlarla necə dostluq qura bilmisiniz?

– Bunda rusiyalı millət vəkili Veniamin Pakın çox böyük rolu olub. O, karateçi olub. Onun Novosibirskdə “Uspex” peşəkar idman klubunun açılışında Olimpiya və ikiqat Avropa çempionu Yevgeni Podqornı ilə tanış oldum. Bakıdakı Avropa Oyunlarında iki qızıl və bir gümüş medal qazanmış Oleq Vernyayevi tanıdım. Onda o heç Olimpiya, dünya və altıqat Avropa çempionu deyildi. Beləcə idman gimnastları ilə əlaqələrim yarandı.

Məşhur əcnəbi gimnastlardan bu idmanın incəliklərini öyrənməyə başladım. Rusiyadakı gimnastika məktəblərinə baş çəkdim. Bizdə çox mütəxəssislərin bu idmana dair bilmədiklərini mən bilirəm. 22 yaşlı Nikita Naqornı Almaniyanın Ştutqart şəhərində üçqat dünya çempionu olduqdan sonra Bakıya yanıma qonaq gəldi. Oleq Vernyayev Minskdə Avropa Oyunlarının qızıl və iki gümüş medalını qazandıqdan dərhal sonra mənə baş çəkdi. Bu, böyük fəxrdir.

– Belə təəssürat yaranır ki, hazırkı durumda siz gimnastikanı vaxtilə məşğul olduğunuz karatedən daha yaxşı bilirsiniz...

– Ola bilər... İdman gimnastikasını Azərbaycanda məndən yaxşı bilən varsa, onunla istər nəzəri, istər praktiki baxımdan söhbət etməyə hazıram. Amma Azərbaycandan kənara çıxanda görürəm ki, mən gimnastika barədə heç nə bilmirəm. İdmana ikinci dəfə qayıtmaq şansım olsaydı, gimnastikadan başlayardım, gimnast olardım. Özümə də söz vermişəm ki, uşaqlarım gec-tez Valeri Belenkinin böyüdüyü gimnastika məktəbinin haqqını versin.

– Uşaqlarınıza çox vaxt ayırırsınız. Ortaya belə sual çıxır: işləmirsiniz?

– Mənim öz biznesim var. Şəriklərimə də demişəm ki, gündə 7-8 saat uşaqlarıma vaxt ayıracağam. Məni işə qatmayın, ofisə gəlib, getməyəcəyəm. Uşağı da böyütmək üçün sənə vaxt lazımdır. Sual ola bilər ki, mən uşaqları beynəlxalq turnirlərə hansı vəsaitlə yollayıram? ABŞ-ın məşhur WOGA (Dünya Olimpiya Gimnastika Akademiyası) məktəbi var. Orada heç vaxt azərbaycanlı çıxış etməyib. Həmin akademiyada keçirilən turnirdə uşaqlarımdan biri altı, digəri beş qızıl medal qazandı və buna görə daim Azərbaycanın bayrağı o zaldan asılacaq. Ora getməyimizi, qalmağımızı ABŞ hökuməti qarşıladı. Halbuki biletin qiyməti 9-10 min dollar edirdi. Allah ruzini yetirir.

Özüm “Mitsubishi iO” sürürəm. Qarajımda bir “Range Rover”, bir “Chevrolet Corvette” də var. Azərbaycanda bir oğlan deyə bilməz ki, son 10-15 ildə məni “Corvette” sürən görüb. Onu cavan vaxtlarımda sürmüşəm. Sadəcə, onu nostalgiya üçün saxlamışam. Heç vaxt özümə telefon almamışam. Bir dostum var, telefonlar şəbəkəsində işləyir. Hər dəfə yeni “iPhone” çıxanda mənə ad günü hədiyyəsi edir. Camaat aksesuarları tez görür. Heç vaxt varımı, dövlətimi gözə soxan olmamışam. Hər şey pulla ölçülmür. Pulu olub, nəticəsi olmayan idmançılar o qədərdir ki...

– Niyə bizdə ikinci dəfə Olimpiya çempionu olmaq çətin məsələyə çevrilib?

–  Mən olsam, idmançılara Olimpiadaya görə verilən pul mükafatını banka qoyardım, üstünə də faiz gələrdi. Əgər həmin idmançı ikinci dəfə Olimpiya çempionu ola bilməzsə, həmin puldan 50-10 min cərimə kimi hesabdan götürülsün. İdmançı məsuliyyət daşımalıdır. Çoxu mənə deyir ki, uşaqların vasitəsilə Olimpiadaya görə verilən pulu qazanmaq istəyirəm. Amma düşünmürlər ki, mənim bu müddətdə xərclədiyim pul Olimpiya mükafatından çoxdur.

– Rafael Ağayev, Hacı Əliyev və Zabit Səmədovla dostluq etdiyinizi bilirik. Onlarla dostluğunuz necə yarandı?

– Rafaeli tanıyanda 13-14 yaşı vardı. Hələ onda dünya və Avropa çempionu deyildi, Sumqayıtdan Bakıya karate zalına gəlib-gedirdi. Zabit 90-cı illərdə Moskvada döyüşürdü, Azərbaycandan onu heç kim tanımırdı. Karate üzrə SSRİ çempionu Viktor Xanın vasitəsilə onu tanımışam.

Mənə bir gün dedi ki, xəbərin var, Minskdən bir azərbaycanlı Moskvada döyüşməyə gəlib. Hələ onda Zabitin Azərbaycanla əlaqəsi yox idi, Gürcüstandan birbaşa Belarusa köçmüşdü. Həmin döyüşlərdən birində onunla tanış oldum. Yeganə azərbaycanlı mən idim ki, gedib onun döyüşlərinə baxırdım. Hacının atası Azər isə güləşçi olub, atamla dost idi.

Mənimlə karatedə 1986-cı ildə Moskvada sosiska yeyən Veniamin Pak indi Novosibirskin deputatıdır. Viktor Xan Rusiya Karate Federasiyasının vitse-prezidentidir. Digər dostum Şolban Kara-ool Rusiyanın Tuva Respublikasının prezidentidir. Mən 20-25 il əvvəl onları tanımasaydım, indi onlarla dostluq edə bilməzdim.

Olimpiya çempionumuz Namiq Abdullayev mənim dövrümün idmançısı olub. Elə olub ki, o, Daxili Qoşunların Montindəki hərbi hissəsində bizə bölük komandiri qoyulub. Digər Olimpiya çempionumuz Fərid Mansurov indi də qonşumdur. Yəni demək istədiyim odur ki, onların hamısı ilə tanışlığım məşhur olmamışdan qabağa gedib çıxır.

– Bəs elə idmançı olubmu ki, uşaqlıqda tanımısınız, amma sonradan ulduz xəstəliyinə tutulub?

– 48 yaşım var. Amma hələ belə bir idmançıya rast gəlməmişəm. İndiyədək heç bir idmançı ilə intriqam olmayıb, nə də hansısa idmançı sözümdən çıxıb. İdmançının ağlı olmasa, onlar yüksək nəticə verə bilməz. Düzdür, dostlarım arasında karateçi, uşu-sanda üzrə dünya və Avropa çempionu Canpolad Budaqov da olub. Bu növdə ilk dünya çempionumuzdur. Sadəcə, cinayət törədib, həbsə düşüb. Ümumilikdə isə idmançılarla münasibətlərim həmişə əla olub.

Səbuhi Musayev
FOTORamil Zeynalov