Slovakiya Futbol Assosiasiyası Azərbaycan üzərində qələbəyə görə mükafatı açıqladı

18:40 11-11-2019 423

Slovakiya Futbol Assosasiyasının prezidenti Yan Kovaçik Azərbaycanla oyunun yerinin paytaxt Bratislavadan Trnava şəhərinə keçirilməsinə aydınlıq gətirib.

HerGun.Az xəbər verir ki, oktyabrın 13-də Bratislavada Paraqvayla keçirilmiş yoldaşlıq oyununda qazonun durumu bu addımı atmağa onları məcbur edib:

“Baş məşqçimiz Pavel Hapal oyunçularla müzakirədən sonra dedi ki, biz Bratislavadakı Milli Futbol Stadionundansa, daha yüksək səviyyəli qazonda oynasaydıq, şad olardıq. Biz dərhal buna reaksiya verdik. Azərbaycan tərəfinə (AFFA) oyunun keçirilmə yerinin dəyişdirilməsinə razılıq verməsi üçün müraciət etdik. Çünki daha əvvəl oyunun Bratislavada olacağını bildirmişdik. Azərbaycandan isə buna pis yanaşmadılar. Ona görə də UEFA-ya dəyişiklik barədə məlumat verdik. Rəqibin xarakterini nəzərə alsaq, bizim üçün yaxşı meydançada oynamaq çox vacibdir. Azərbaycan müdafiə olunacaq, biz də şanslarımızdan yararlanmağa çalışacağıq.

Paraqvayla oyundan sonra komandadan xəbərdarlıq aldıq ki, qazon ideal deyil. Bu, matçdan sonra aydın idi. Pavel Hapal özü üçün qərar verməyib. O, bütün komandanın istəyini çatdırıb”.

Yan Kovaçik Slovakiya millisinin seçmə mərhələdə noyabrın 16-da səfərdə qrup lideri Xorvatiya, bundan üç gün sonra autsayder Azərbaycanla evdə keçirəcəkləri oyunlar barədə danışıb. Qurum rəhbəri bu oyunlara görə ayrılacaq mükafatları açıqlayıb:

“Biz Fransadakı Avro-2016-ya çıxanda təxminən 3 milyon avro pul mükafatı vermişdik. Hesab edirəm ki, bu dəfə mükafatın həcmi daha çox olacaq. Çünki hər keçən çempionatdan sonra bonuslar qalxır. Xorvatiya üzərində qələbəyə görə komanda 200 min, Azərbaycan üzərindəki zəfərə görə isə 50 min avro əldə edəcək”.

Qeyd edək ki, Slovakiya millisinin futbolçuları Macarıstan üzərindəki qələbələrə (2:0, 2:1) görə 200 min, Uelslə heç-heçəyə (1:1) görə 75 min, Azərbaycanla qələbəyə (5:1) görə 50 min avro mükafat qazanıb. Həmçinin yoldaşlıq oyunlarındakı qələbələrə görə də milli futbolçulara mükafat verilib. Slovakiyalı futbolçular İordaniya qələbəsinə (5:1) görə 10 min və Paraqvayla heç-heçəyə (1:1) görə 5 min avro mükafat əldə edib.

Səbuhi Musayev