“Oskar” almağa ən real namizəd olan filmin qəhrəmanlarının geyim sirləri açıqlandı

01:40 05-12-2019 451

“Oskar-2020” mükafatına ən real namizədlərdən sayılan Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmində qəhrəmanların geyimini hazırlayan rəssam Arianna Fillips personajların daşıdığı talismanlar barədə danışıb.

Bu barədə “Collider” xəbər verib.

Bildirilir ki, xanım rəssam əsərin qəhrəmanlarının mahiyyətini açmağa kömək edən kiçik detallar yaradıb.

Məsələn, Rik Dalton (Leonardo Di Kaprio) bir tərəfində Tüdor qızılgülünün üslubunda təsvir (VII Henrix hakimiyyəti dövründə İngiltərə və Hempşir emblemi - red.), digər tərəfində isə “R” hərfi şəklində monoqram olan (kəmərdə də eyni dizayn var) medalyon taxır.

Belə aksesuarları seçən insanın özünə inamının daha yüksək olduğu güman edilir, buna görə Rik üçün bu üsulu çox bəyəndim”, - deyə sənətçi seçiminə aydınlıq gətirib.

Lakin Fillips komandası Di Kaprionun personajının kəmər taxdığı zaman boyunbağının Tüdor naxışı olan istiqamətə dönməsinə diqqət etməli olurdu. Lentin yaradıcılarına görə, bir çərçivədə iki monoqram - hətta narsist Dalton üçün də artıq olardı.

Klif Butun (Bred Pitt) da kəməri özünəməxsusluğu ilə seçilib. Bildirilir ki, kostyum üzrə rəssam içində minlərlə köhnə kəmərlər olan qutuları çeşidləyərkən, “Kaskadyorlar Birliyinin”  (Stuntmen’s Association) 60-cı illərə aid embleminin təsviri olan birini tapıb.

Ancaq Bred Pittin xarakterinin ən diqqətəlayiq xüsusiyyəti, şübhəsiz ki, Havay tipli köynəyi olub. Onun dizaynı Tarantino və Fillips tərəfindən hazırlanıb.

“Təsəvvür belə edə bilməzsiniz ki, oxşar bəzəyi olan nə qədər vintaj köynəyə baxmışam. Sonda, biz bu rəsmlərdən birini əsas götürdük və onun özünəməxsus üslubda olması üçün Asiya motivi əlavə etməklə formasını dəyişdirdik”, - deyə Arianna Fillips bəyan edib.

Şeron Teyt rolunu oynayan Marqo Robbinin kostyumlarının konsultantı kimi elə personajın doğma bacısı Debora iştirak edib. O, çəkiliş üçün aktrisanın bəzi bəzək əşyalarını və aksesuarlarını təqdim edib.

“Filmdə Marqo Robbi əsl Şeron Teytə məxsus olan üzük və sırğaları taxır”, - deyə Fillips əlavə edib.

Qeyd edək ki, əyləncə sahəsində proqnozları ilə tanınan “Gold Derby” saytının analitiklərinin 2020-ci ildə “İlin ən yaxşı filmi” nominasiyası siyahısında Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi Martin Skorsezenin “İrlandiyalı” kriminal dramından sonra ikinci yerdədir.