“Rabitəbank” olaraq ölkə brendlərinin dünyada tanınması üçün ixracatçılara dəstək veririk - MÜSAHİBƏ

11:00 24-12-2019 1302

Bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcəyi barədə məlumat yayıldı.

Bu əməkdaşlığın sahibkarlara dəstəyi barədə “Rabitəbank”ın Biznes Bankçılığı Departamentinin Biznesin İnkişafı şöbəsinin rəisi Elvin Tahirov HerGun.Az-ın suallarını cavablandırıb.

- Elvin bəy, KOBİA ilə edilən əməkdaşlığın məqsədi nədir?

- Bu əməkdaşlığın əsas məqsədi mikro, kiçik və orta bizneslə məşğul olan sahibkarların maliyyə mənbələrinə çıxışının rahatlaşdırılmasıdır. Əməkdaşlığa başlamağa zəmin yaradan səbəb, sahibkarların KOB dostlarına müraciətləri zamanı bazarda sadə şərtlərlə, aşağı faizli kreditlərin olmamasından şikayətlənmələri oldu.

“Rabitəbank”ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ilk birgə tədbiri dekabr ayının 6-da Lənkəran şəhərində 200-dən çox sahibkarın iştirakı ilə  yeni KOB dostu nümayəndəliyinin açılışı zamanı baş tutdu.

KOBİA-nin bigə tədbir keçirmək təklifini biz “Rabitəbank” olaraq böyük məmnuniyyətlə qəbul etdik və mərasimə qatıldıq. KOB dostunun təqdimatının ardınca, “Rabitəbank”ın rahat bankçılıq konsepsiyası və bankın yenilənmiş məhsulları sahibkarlara təqdim olundu.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları birgə layihələr barədə mütəmadi olaraq mikro, kiçik və orta biznesin nümayəndələrini məlumatlandıracaq. Aqrar sahədə öz biznesini qurmaq və genişləndirmək üçün Agentliyə maliyyə dəstəyi üçün müraciət edən sahibkarları Rabitəbankla əlaqələndirəcək.

Bundan başqa, KOBİA-nın vasitəçiliyi ilə layihə çərçivəsində kredit götürmək üçün banka müraciət edəcək sahibkarlara tək aqrar sahə üçün deyil, digər biznes kreditlərinə də 1(bir) faiz güzəşt olunacaq.

Bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçiriləcək. Qeyd etmək istərdim ki, Rabitəbank layihənin agent bankıdır. 

Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir.

- Sahibkarlar “Rabitəbank”ın filiallarına yaxınlaşan zaman biznes kreditini almaq üçün nə təqdim etməlidirlər?

- “Rabitəbank” tərəfindən xüsusi kuponlar çap edilib. Həmin kuponları KOBİA-nın regionlarda fəaliyyət göstərən KOB dostlarına təqdim etmişik. KOB dostu tərəfindən  müştəri “Rabitəbank”a yönəldilən zaman həmin sahibkar banka yaxınlaşdıqda xüsusi kuponu təqdim edəcək və Biznes kreditə 1(bir) faiz edirim əldə edəcək.

- Bu layihə çərçivəsində artıq müraciət edən sahibkarlar varmı?

- Bəli. Artıq müraciət edən sahibkarların biznes fəaliyyəti “Rabitəbank”ın mütəxəssisləri tərəfindən təhlil olunur. Eyni zamanda, bizim əməkdaşlarımız regionlarda KOBİA nümayəndələri ilə görüşüb, sahibkarların fəaliyyətində faydalı olacaq bankın digər məhsulları və kredit şərtləri haqqında məlumat verirlər. 

- Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq nə qədər vəsait ayrılacaq?

- Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq üç milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Amma bu o demək deyil ki, bankın maliyyə resursları və biznesə dəstəyi bununla yekunlaşır. Rabitəbank olaraq bankın digər maliyyə resurslarından istifədə edərək, ölkənin daxili istehsalının artırılması və ixrac potensialının genişlənməsinə yönəlmiş bütün layihələri maliyələşdirməyə hazırıq.  

- Bu kredit sahibkara nə dərəcədə köməklik edəcək?

- “Rabitəbank”dan biznes krediti alan sahibkarlar aldığı vəsait hesabına əlavə investisiya əldə edəcəklər. Həmin investisiya vəsaiti ilə öz bizneslərini genişlədirib, mənfəətlərini artırıb, əldə etdiyi mənfəəti təkrar öz bizneslərinə yatırmaqla onu daha da inkişaf etdirə bilərlər. Tərəfimizdən ayrılan maliyyə vəsaitlərinin məqsədi, sahibkarlara öz bineslərini genişləndirmək imkanının yaradılması, bununda müqavilində  əlavə gəlir əldə etməklə yeni iş yerlərinin yaranmasına zəmin yaratmaqdır.

- Elvin bəy, sahibkarlara veriləcək kreditin müddəti və faizi barədə məlumat verərdiniz zəhmət olmasa.

- Layihə çərçivəsində götürüləcək kreditin müddəti yeddi il, kredit faiz dərəcəsi isə illik 8,8 faizdir. Amma qeyd edək ki, KOB dostlarının tövsiyəsi ilə müraciət edən sahibkarlar bu krediti 7,8 faizlə alacaqlar.  Bankın öz vəsaiti hesabına verilən kreditlərin müddəti üç ilə qədərdir.

- Bu kreditlə sahibkar dövriyyəsini artıra biləcəkmi?

- Bu kredit ölkədə kənd təsərrüfatı sahəsində çalışan fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün ayrılır. Bu da dövriyyə  artımınından çox, investisiya xarakterli maliyyələşdirmədir.

- Bu layihədən başqa sizin bank tərəfindən sahibkarlara güzəştlər nəzərdə tutulubmu?

- Bizə müraciət edən sağlam bizneslə məşğul olan bütün sahibkarla mütəmadi güzəştlər edirik və hər zaman ölkə iqtisadiyyatının güclənməsi üçün çalışan sahibkarlarla  əməkdaşlıq etməyə hazırıq.

- Sahibkarlar üçün yeni təkliflər hazırlanırmı?

- Biz hər zaman yeniliklər düşünürük. İxracatla məşğul olan sahibkara əlavə endirim təklifimiz var. Onlara bank vəsaiti hesabına milli və xarici valyuta ilə verilən biznes kreditlərində 2,1 faiz endirim edilir. Xarici valyuta ilə verilən kreditlərimiz ixracatçılar üçün 4,9 faizdən başlayır. Həmçinin ixracdan daxil olan vəsaitlərin konvertasiya xərcini sıfıra endirmişik.

İxracdan daxil olan vəsaitin ölkə daxilində köçürülməsinə 0% komissiya tətbiq edirik. Bu hələ son deyil, ixracdan daxil olan vəsaitin nəğdləşdirilməsi  və ixracatçılara verilən kreditin komisyon haqqına 50 faiz endirim edirik.