Nazir müavini: “Binə” və “Sədərək”də nəzarət-kassa aparatlarının qoyulması heç bir nəticə verməyib

16:40 27-12-2019 646

“Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının qoyulması heç bir nəticə verməyib, verməyəcək də. 

HerGun.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov jurnlaistlərə açıqlamasında dilə gətirib.

Onun sözlərinə görə, həmin ticarət mərkəzlərində nəzarət-kassa aparatlarından istifadənin təmin edilməsi üçün sənədsiz mal dövriyyəsinin qarşısı alınmalıdır:

“Əgər sənədsiz mal dövriyyəsinin qarşısı alınmasa, şəffaflıq olmasa, bu, çox acı nəticələr verəcək. Həmin ticarət mərkəzlərinin sahibləri də bu məsələdə maraqlıdırlar. 

Təxminən 2015-2016-cı illərdə həmin ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının quraşdırılması istiqamətində bir sıra işlər görüldü. Lakin bunun heç bir nəticəsi olmadı və olmayacaq. Çünki Azərbaycanda sənədsiz mal dövriyyəsi aparılır.

Kimdən soruşursan “mal haradan gəlib?”, deyir, “Sədərəkdən, Binədən” gəlib. Bu şərtlər altında şəffaflıqdan, rəqabətdən söhbət gedə bilməz. Mal ölkəyə iki yolla gəlir: idxal və istehsal.

İstehsalda, demək olar ki, ciddi problem yoxdur. Olanların həcmi də çox deyil. İdxal məsələsində isə sənədsiz malların qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi çox ciddi tədbirlər görür.

Amma inanın ki, bu elə də sadə məsələ deyil. Karqo məsələsinin, üçüncü şəxslər üçün mal gətirənlərin, qiymət dəyişənlərin qarşısı alınmalıdır. Bu gün məhz bu səbəbdən nəzarət-kassa aparatlarından istifadə edən sahibkarların sayı nisbətən azdır”.

Könül Cəfərli