Rusiyalı səfir: Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rol oynayır – FOTO

14:20 07-01-2020 517

Moskva və Bakı kimin tərəfindən qoyulması mühüm olmayan sanksiyalara rəğmən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq qururlar.

HerGun.Az-ın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov CBC kanalında “Anastasiya Lavrina ilə qlobal müzakirə” ictimai-siyasi proqramında deyib.

Onun sözlərinə görə, bütün “Şimal-Cənub”a üzv olan ölkələr və ya bu dəhlizdən istifadə etmək istəyən dövlətlərin bu layihə vasitəsi ilə reallaşdıracaqları öz milli maraqları var.

Diplomat “Şimal-Cənub” dəhlizinin uğurlu fəaliyyəti və Azərbaycanın burada əsas rol oynadığını qeyd edib.

“Hələ də bəzi çətinliklər var. Bütün bölmələr sona çatmayıb, amma təcrübə göstərdi ki, 2018-ci ildə dəhliz boyunca yük daşımaları səkkiz dəfə artıb və 2019-cu ilin birinci rübündə iki qat artım müşahidə olunub.

Yəni, bu dəhliz çox uğurla işləyir. Azərbaycanın onun fəaliyyətində əsas rol oynaması burada qərbdən-şərqə yeni yolun kəsişməsinə səbəb ola bilər. Hansı ki, ümumilikdə bu baş verir”, – deyə M.Boçarnikov bildirib.

Diplomatik nümayəndəliyin rəhbəri, eyni zamanda məşhur “Bir kəmər - bir yol” marşrutu boyunca yüklərin Asiya dövlətlərinin əraziləri ilə daşındıqlarını, Xəzərin şərq sahilinə çatdıqlarını, sonra dəniz yolu ilə Azərbaycanın Ələt limanına (Bakıda - red.) gəldiklərini və oradan da qərbə doğru davam etdiklərini bildirib.

“Ancaq buraya Rusiya ərazisindən keçən dəmiryolu ilə eyni Trans-Sibir dəmiryolunu “Şimal-Cənub” çıxışı ilə birləşdirmə ehtimalını əlavə etsək, bu, marşrutun əhəmiyyətini daha da gücləndirəcək”, – deyə Rusiya səfiri bildirib.

Onun dediyinə görə, bu, daha çox Azərbaycana sərf edəcək.

“Bildiyimə görə, Rusiya və Azərbaycanın dəmiryolları artıq belə bir fürsət barədə düşünürlər”, - M.Boçarnikov deyib.

Rusiyanın Azərbaycandakı səfiri 2019-cu ilin sonunda Samur sərhədi boyu uzunluğu 325 metr olan yeni magistral körpünün istifadəyə verilməsinin vacibliyini də qeyd edib.

“Bu, regional plan üçün vacibdir, çünki Rusiya ilə Azərbaycanı birləşdirir... Əlbəttə ki, bu, bütün “Şimal-Cənub” nəqliyyat və logistika dəhlizinin bir elementi olması baxımından da vacibdir”, – deyə diplomat deyib.

M.Boçarnikov Samur körpüsünün Azərbaycan-Rusiya iqtisadi əlaqələrində praktik əhəmiyyətini xüsusi vurğulayıb.

“Mən bunun tərəflərimiz üçün praktik əhəmiyyətini daha dəqiq ifadə edərdim. Birincisi, bu körpü insanlar üçün sərhəd keçidini asanlaşdırır. Bu, ümumiyyətlə, əsas vəzifədir, çünki əvvəlki körpü artıq köhnəlib və bizə rahat keçib getmək üçün yeni, etibarlı bir körpü lazımdır. O, sərhədlərimizdən nəqliyyat vasitələrinin daha sərbəst keçməsini təmin edəcək. Ən başlıcası budur ki, Samur çayındakı sərhəd-keçid nöqtələrini təchiz edən kompleksin tərkib hissəsidir. Çünki məhsul artımı “Şimal-Cənub” dəhlizi daxil olmaqla marşrutun genişləndirilməsini tələb edir. İlk növbədə infrastruktur yolların genişləndirilməsi tələb edilir”, - deyə o bildirib.

Rusiya səfiri buraxılış məntəqələrini təchiz etmək və müasirləşdirməklə yanaşı, həmçinin, yeni keçid məntəqələrini açmağın da lazım olduğunu qeyd edib.

“Bu kompleksə keçid məntəqələrinə yeni giriş yollarının yaradılması da daxildir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda möhtərəm cənab Prezidentin (İlham Əliyev - red.) baş çəkdiyi yeni Bakı - Quba - Rusiya-Azərbaycan sərhəddi avtomobil yolu birbaşa sərhəd-keçid məntəqəsinə getdiyi üçün bu kompleksin bir hissəsidir. Deməli, əhəmiyyəti böyükdür. Bu sadəcə körpü deyil, iqtisadi inteqrasiyanın çox vacib elementidir”,- deyə M.Boçarnikov vurğulayıb.

Rasim Babayev