Xidmət rəhbəri şübhəli halların aşkarlanması ilə bağlı əmr imzaladı

12:00 10-01-2020 532

Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları təsdiqlənib.

HerGun.Az-ın məlumatına görə, bununla bağlı Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Rövşən Nəcəf əmr imzalayıb.

Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdiriləməsinə qarşı mübarizə” haqqında qanunun 4-cü və 5-ci maddələrində qeyd olunmuş fəaliyyət subyektləri (monitorinq subyektləri) Maliyyə Monitorinqi Xidmətinə maliyyə əməliyyatları haqqında məlumat təqdim etmək öhdəliyinə malikdir.

Həmin məlumatlar qanunun 7-ci maddəsində nəzərdə tutulan siyahı ilə müəyyən edilir.

Pul vəsaitlərinin, digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə, belə şübhə üçün kifayət qədər əsas yaradan hallar monitorinq olunmalı əməliyyatlar sırasına aid edilib.  

Belə hallar şübhəli əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsini və tətbiqini nəzərdə tutur. Qanunun 12.1.5-ci maddəsinin tələbinə əsasən, monitorinq iştirakçıları daxili nəzarət sistemləri çərçivəsində fəaliyyətlərinin xüsusiyyətlərini nəzərə almalıdır.

Eyni zamanda, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını müəyyən etməlidirlər.

Maliyyə Monitorinqi Xidməti Mərkəzi Bankın yanında müstəqil struktur vahididir.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır.

Qurum cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək verir.

Aqşin Kərimov