İran hələ “Boeing”in qara qutularını xaricə göndərmək qərarına gəlməyib

16:20 19-01-2020 342

İranın mülki aviasiya təşkilatının hava qəzalarını araşdıran şöbə müdiri Həsən Rezayefar İranın vurulan Ukrayna təyyarəsindəki qara qutuları müstəqil olaraq deşifrə etdklərini və onların xaricə göndərilməsinə qərar vermədiklərini söyləyib.

Bu barədə İranın IRNA agentliyi xəbər verib.

Şənbə günü, Rezayefar Tehranın Ukraynaya məxsus “Boeing” təyyarəsinin uçuş qeydlərini deşifrə etmək üçün Ukraynaya təhvil verəcəyini açıqlamışdı. O, həmçinin qeyd etmişdi ki, Kiyevdəki mütəxəssislər qara qutuların məlumatlarını deşifrə edə bilməsələr, Fransaya göndərəcəklər.

İndi isə İran rəsmisi qara qutuların İranda araşdırıldığını, problem yaranacağı halda Ukraynaya və ya Fransaya göndərəcəklərini bildirib.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus təyyarə yanvarın 8-i səhər saatlarında İran havadan müdafiə raketləri tərəfindən vurulub.