“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu yenidən məhkəmə qarşısında

14:20 21-01-2020 36

Ali Məhkəmədə piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

HerGun.Az xəbər verir ki, Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib. 

Qeyd edək ki, ötən il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü S.Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.