Tayson və Suaresin “davamçısı” danışdı - VİDEO

09:20 27-01-2020 554

Boks zamanı rəqibi amerikalı Denni Qarsiyanı dişləyən ukraynalı boksçu  İvan Redkaç “Instagram” səhifəsində öz hərəkətini şərh edib.

Lenta.ru-nun məlumatına görə, hadisə Ümumdünya Boks Şurasının (WBC) çempionluq kəmərinə mütləq iddiaçı adı uğrunda döyüş zamanı baş verib.

“Həftənin videosu. Dişləməyə imkan tapmamışdım, o isə artıq ağlayırdı. Atasının balası... Yoxsa rinqə çoxdandır çıxmırdın?”, - deyə Redkaç yazıb.

Hadisə səkkizinci raundda baş verib. Redkaç “Mayk Tayson” qışqıraraq, amerikalının çiynini dişləyib. İnsidentdən sonra Qarsiya başına ilk dəfə belə şey gəldiyini deyib.

Qeyd edək ki, bu hadisə oyunun davam etməsinə mane olmayıb. Amerikalı hakimlərin yekdil qərarı ilə qələbə qazanıb (118:110, 117:111, 117:111). Bu, onun karyerası dövründə 36-cı qələbəsi olub (iki məğlubiyyəti var).

Redkaçın hesabında isə 23 qələbə, beş məğlubiyyət və bir heç-heçə var.

Qeyd edək ki, Tayson 1997-ci ilin 28 iyununda Ümumdünya Boks Assosiasiyası (WBA) versiyası üzrə dünya çempionu titulu uğrunda keçirilən döyüşün üçüncü raundunda Holifildin qulağını dişləmişdi.

Bu hərəkətindən sonra onun boksçu lisenziyası əlindən alınmışdı və üç milyon məbləğində cərimə olunmuşdu. 2009-cu ildə isə Tayson qulağını dişlədiyi rəqibindən üzr istəmişdi. Evander isə həmin hərəkətə görə Taysona nifrət etmədiyini demiş və onun üzrxahlığını qəbul etmişdi.

Bundan başqa, uruqvaylı hücumçu Luiz Suares matçlarda qarşı komandanın oyunçularını dişləməklə məşhurdur. Belə ki, İngiltərə Premyer Liqasının 34-cü turunun “Liverpul” –“Çelsi” matçında meydan sahiblərinin futbolçusu Luiz Suares rəqibin oyunçusu Branislav İvanoviçin qolunu dişləmişdi. O, “Ayaks”da forma geydiyi vaxtda PSV-nin oyunçusu Otman Bakkala qarşı da eyni hərəkəti etmişdi.