Bakıda məşhur restoran soyuldu

17:20 03-02-2020 505

Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları Nobel prospektində yerləşən məhşur “Bəh-Bəh” restoranında baş verən oğurluq hadisəsini araşdırır.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda bildirilir.

Fevralın 2-də restoranın sahibi Vaqif Bağırov polisə naməlum şəxslərin pəncərədən restorana daxil olduğunu bildirib. Cinayətkarlar kiçik bir seyfi açaraq, restoran işçisi İlfan Yusifova məxsus 3400 manat pulu oğurlayıblar.

İlkin istintaq zamanı əməliyyatçılar oğurluqda şübhəli bilinənlərdən birinin şəxsiyyətini müəyyənləşdiriblər. Onun 18 yaşlı R.D. olduğu məlum olub. Həmin şəxs hələ saxlanılmayıb. Bu istiqamətdə tədbirlər davam edir.

Əməliyyatçılar oğurluqda iki nəfərdən artıq şəxsin iştirak etdiyini təxmin edirlər. Hadisə yerindən oğruların barmaq izləri olan pivə və mineral su şüşələri götürülüb. Bundan əlavə, şübhəli şəxslərin ərazidə quraşdırılmış müşahidə kameralarına düşdükləri də məlum olub.

Faktla əlaqədar istintaq davam edir.

Elə həmin gün Xəzər rayonunun Mərdəkan kəndində mənzildən külli miqdarda oğurluq olub. 35 yaşlı Bəhruz Səfərovun evindən 10 min ABŞ dolları oğurlanıb. Cinayətin üstü hələ açılmayıb.

Ramella ibrahimxəlilova