Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır - ÖZƏL

20:20 03-02-2020 502

Aparıcılar içində dostlarım var ki, onların verilişlərinə getmədiyim üçün məndən inciyiblər. Bir dəfə aparıcı Zaur Kamalın “5-də 5” proqramına çıxmaq üçün şərt qoymuşdum. Dedim ki, əgər verilişinə gələcəyəmsə, tək gələcəyəm. Çünki həmin proqramda Zaur sənət yoldaşlarıma xoşagəlməz suallar verir. 

Onu da demək lazımdır ki, Zaur mənə qarşı hələ belə şeylər etməyib. Amma kənardan izləyirəm, hər şeyi görürəm. Xanım həmkarlarıma sataşır. Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır. Bu kimi şeylər isə mənə çox yaddır.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib.

Ötən həftə “Pişik” ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərovanın Zaur Kamalı tənqid etməsi ilə bağlı Lalənin mövqeyi də sərt olub:

“Güneldən daha öncə Zauru efirdə müğənnilərlə “jarqon”la danışdığına görə mən tənqid etmişdim. Söyləmişdim ki, efirdə qonağa “sən” deyə müraciət etmək olmaz. Çünki yaşca və sənət stajı ilə səndən böyükdür. Müğənni ilə dost ola bilərsən, amma “sən”, “sənin ərin”, “sənin uşaqların belə etdi” və s. kimi məişət söhbətlərini efirə gətirmək olmaz. Bu kimi söhbətlər kamera arxasında qalmalıdır. Efirin öz etiket və etika qaydaları var”. 

Lalə Məmmədova müğənnilərin konsertdən gəlir əldə etmədiyini və yalnız toylardan pul qazandığını deyib:

“Bəyəm konsertdən pul qazanan müğənni var?!”

“Xalq artisti Röya Ayxan müsahibələrində deyir ki, mən konsertdən pul qazanıram” şərhinə isə L.Məmmədovanın reaksiyası belə oldu:

“Röya Ayxandan soruşacam görək nə qədər qazandı? Bəlkə o, konsertindən qazana bilər, amma inanmıram ki, milyonlar qazansın. Röya xanım da boynuna alacaq ki, bizim gəlir yerimiz sırf toylardır”.

Əməkdar artist redaksiyamızın əməkdaşı ilə söhbətində prodüser Təranə Səmədovanın “Şou-biznesdə kasıbçılıqdır, pul yoxdur” açıqlamasını yalanladı:

“Çalışan sənət adamı üçün hər zaman pul var. Bizim yeganə gəlir mənbəyimiz toylardır. Şou-biznesimiz bizim toylardır. Mənim gəlirim toylardır. Bir müddət əvvəl dedim ki, ayda 300 manat maaş alıram, camaat elə bildi, deyirəm, 300 manatla dolanıram. 195 manat Azərbaycan televiziyasından, 100 manat da əməkdar artist fəxri adına görə alıram. Buda cəmi 300 manat edir.

Bu fikirlərim düzgün anlaşılmadı və izləyicilər məni topa-tüfəngə tutdular. Başladılar hamı bir ağızdan “300 manat alır, amma toylara necə geyinib gəlir” deməyə. Müsahibəni sona kimi oxumayıblar. Əlbəttə, toylardan qazanmasam bu cür geyinə, mahnı yazdıra bilmərəm. Pullarımın çoxu elə mahnılarımın alınmasına gedir”.

Son günlər xeyli çəki atan Lalə Məmmədova bunun səbəbini həyat tərzi ilə əlaqələndirdi:

“Hazırda çəkim 58 kiloqramdır. Amma çəkim 60 kiloqrama çatanda fövqalədə vəziyyət elan edirəm. Xüsusi pəhrizim yoxdur. Əsəb, stress elə mənim pəhrizimdir (gülür). Pəhrizdəyəm, idman edirəm, qaçıram. Hərdən tükəndiyim anlar olur. Onda yemək yemək də yadımdan çıxır”.

Rəşad Əliyev