“Hamınızı öldürəcəyəm!”: Ceyhun Bəhmənovun keçmiş arvadını hədələdiyi SƏS YAZISI

17:20 05-02-2020 583

Məlum olduğu kimi paytaxtın Yasamal rayonunda ağır cinayət hadisəsi törədilib. Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı Dilarəyə 16 bıçaq zərbəsi vurub. Hazırda D.Bəhmənova ağır vəziyyətdə xəstəxanadadır.

Media.Az Dilarənin anası Elvira Zeynalova ilə danışıb.

Nizami Bəhmənov

“Ceyhun Bəhmənov gənc yaşlarından qızımı dəlicəsinə sevib. 1998-ci ildə az qala qızımı öldürəcəkdi, 1 fevralda yenidən bunu etməyə çalışdı. Bu hadisə günorta Hüseyn Cavid parkının yaxınlığında baş verib. Cinayətin cəzasız qalacağından çox qorxuram”, - deyə E. Zeynalova bildirib.

1998-ci il hadisələrini xatırlayan E.Zeynalova deyib: “Hər şey kiçik qızımın doğum günündə baş verdi. Bayram idi, sinif yoldaşları toplaşmışdı, Ceyhun arvadını qısqanırdı. Onlar eyni sinifdə oxuyublar. Təsəvvür edin, Ceyhun onu çölə çağırdı və qısqanclığı üzündən 11 bıçaq zərbəsi vurdu. Dilarə möcüzə nəticəsində sağ qaldı, Ceyhuna iki il şərti cəza verildi. Yadımdadır, atası Nizami Bəhmənov bütün əlaqələrini istifadə etdi, Azərbaycanın baş psixiatrı, mərhum Ağabəy Sultanovdan Ceyhunun cinayəti şüursuz halda törətdiyi barədə arayış aldı. Atası sağ olanda Ceyhun heç olmasa bir qədər ondan çəkinirdi, indi heç kimdən və heç nədən qorxmur, sadəcə dini fanatdır”.

Onun sözlərinə görə, Dilarə Ceyhunla qorxu və təzyiq altında evlənib. “Təsəvvür edin, o az qala öldürəcəyi adama evlənmək təklif edib. Ceyhun Dilarəni onunla evlənməkdən imtina etsə valideynlərini və bacılarını öldürəcəyi ilə hədələyib. Dilarə bizə qulaq asmadı və hadisədən bir il sonra evləndi. Ceyhun ona çarşab geyindirdi, məişət zorakılığı və daimi qadağalar ailə üçün norma oldu. Ancaq qızım heç nə demədi, hər şeyi bizdən gizlətdi ”, - deyə ana kədərlə bildirib.

E.Zeynalova Dilarə və Ceyhunun üç övladı olduğunu deyib. Böyük oğlunun 19, qızının 15, ən kiçik oğlunun isə yeddi yaşı var: “Təsəvvür edirsiniz, o, 16 yaşlı oğlunu evdən qovub. Çünki oğlu atasının yolu ilə getmədi, dini yoldan imtina etdi, təhsil almaq, həyatda nəyəsə nail olmaq istədi. Amma Ceyhun onu döyüb xəstəxanalıq etdi. Bir dəfə əsəbə görə bağırsaq burulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onun un məmulatı yediyi qənaətinə gəliblər. Qızım kiməsə şikayət etməkdən qorxub. Nəvəm əvvəlcə qohuma sığındı, indi xaricdə təhsil alır. İndi isə anasının başına gələnlərə görə Bakıya gəlib. Qız nəvəm Ceyhun icazə vermədiyi üçün 13 yaşına qədər məktəbə getməyib. Biz ona müəllim tutmağa məcbur idik. Qızım Ceyhunla evli olduğu 17 il ərzində cəhənnəm yaşayıb. Evləndikdən dərhal sonra Dilarəni, üç yaşından isə qızını çarşab geyinməyə məcbur edib. Daim onları lağa qoyub, döyüb, hər şeyi qadağan edib. Belə həyat olar?!”, - deyə E. Zeynalova bildirib.

Onun sözlərinə görə, Dilarə və Ceyhun ötən payızda boşanıblar: “Düz il yarım əvvəl qızım bizə qonaq gəlib ağladı və daha belə yaşaya bilməyəcəyini dedi. Keçən payızda boşandılar. Buna cavab olaraq Ceyhun bütün ailəmizi, o cümlədən uşaqlarını öldürməklə hədələdi. Dilarə çox qorxurdu. Ceyhunun Dilarəni həmişə təhdid etməsi ilə bağlı əlimdə səs yazısı var”.

“Qızım bizimlə yaşamağa başladığı andan nəvəmi məktəbə göndərdik. O, çarşabı atıb oxumağa başlayıb və günlərin birində atası qəfil məktəbə gəlib. Uşağa hədə-qorxu gələrək bir həftədən sonra onu məktəbdə başı açıq vəziyyətdə görsə hamını öldürəcəyini deyib. Uşaq evə ağlaya-ağlaya gəldi. Bundan sonra biz Dilarəni uşaqlarla birlikdə Naxçıvana göndərməyə qərar verdik. Orada bir hərbçi qohumumuz var. Qohumumuzun onları qorumasına ümid edirdik. Qızım məktəbdə işə düzəldi, uşaqlar oxudular, hər şey yolunda idi”, - deyə ana danışır.

E. Zeynalovanın dediyinə görə, bir gün Dilarə qızını nevropotoloqa göstərmək üçün iki günlük Bakıya uçdu. “Bütün olanlardan uşağın əsəbləri pozulmuşdu. Xəstəxanadan çıxdıqdan dərhal sonra Ceyhun Dilarəyə arxadan hücum edərək: “İstədiyimə nail oldum!”, - deyə ilk zərbəni ağ ciyərinə vurub. Dilarə yerə yıxılıb, Ceyhun isə hər iki əlində olan bıçaqlarla ona zərbələr endirib. 16 zərbə ilə onun başına, üzünə (bir gözü kor ola bilər), boğaz və qabırğalarına vurub. Nəvəm oturub axan qanın dayanması üçün anasının boğazını tutub. Dilarə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Üç gün xəstəxanada qaldı, sonra bizə onun sağ qalmayacağını dedilər. Onu hər bir avadanlıqla təmin olunmuş özəl bir klinikaya köçürdük. İndi vəziyyəti ağır olaraq qalır. O, hələ də özünə gəlməyib, danışmır, gözlərini açmır, yalnız barmaqlarını tərpədir ”, - deyə E. Zeynalova izah edib.

Qadının dediyinə görə, nəvəsi atasını dayandırmağa çalışıb. Ceyhun ona “Onsuz da ölməli idi”, deyib. Ceyhun sadəcə qatil manyakdır. Yeri gəlmişkən, boşanma prosesi zamanı qızımın vəkili Ceyhunun ailəyə hədə-qorxu gəldiyi barədə hara müraciət etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları heç nə edə bilmədiklərini deyiblər. Sözlə təhdid edilirsə, polis hərəkət eləmir.

Ceyhunun qohumları bizlə əlaqə saxlamır, heç biz də onlarla əlaqə qurmaq istəmirik. Ceyhunun atası ölüb, anası Zemfira Haşımova ginekoloqdu. Elə olub ki, o qızıma zəng vuraraq oğlunun onları rahat buraxmayacağını əsas gətirərək qaçmaqlarını istəyib. Biz cinayətin cəzasız qalacağından qorxuruq. Axı, Ceyhunun çox varlı ailəsi var, çoxlu nüfuzlu tanışları var, Şuşanın hazırki İcra Hakimiyyətinin rəhbəri Bayram Səfərov hələ də onun ailəsinə dəstək olur”, - deyə qadın yekunlaşdırıb.

Qeyd edək ki, saxlanılan şəxs C.Bəhmənova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 126.2-ci( xüsusi amansızlıqla sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanıb.