Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı yayılan yeni informasiyalar barədə AÇIQLAMA

18:20 05-02-2020 503

Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.

İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.

Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

Kütləvi İnformasiya Vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.

Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.