Azərbaycanlı futbolçu “Liverpul”la oyunda komandasına penalti qazandırdı

10:20 18-02-2020 474

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov Dumanlı Albionda növbəti oyununa çıxıb.

HerGun.Az xəbər verir ki, o, “Vulverhempton”un 23 yaşadək komandasının (U-23) çempionat çərçivəsində öz meydanında “Liverpul”dan olan həmyaşıdlarına qarşı matçda meydanda olub.

90 dəqiqə meydanda olan futbolçumuz komandasına penalti qazandırıb. O, 71-ci dəqiqədə rəqibin Hollandiya U-19-da oynayan müdafiəçisi Sep van den Berq tərəfindən cərimə meydançası daxilində yıxılıb. 

72-ci dəqiqədə “Vulverhempton”un uelsli futbolçusu Çem Kempbel penaltidən hesabı bərabərləşdirsə də, meydan sahiblərinə bir xal qazanmaq qismət olmayıb. Belə ki, oyuna əlavə olunmuş ikinci dəqiqədə qonaqlar qələbə topunu vurub.

Qeyd edək ki, “Vulverhempton” U-23-ü çempionatda 11 xalla sonuncudur. Komanda fevralın 21-də Premyer Liqa Kubokunda səfərdə “Lidz”lə qarşılaşacaq.

Səbuhi Musayev