MSK onun şikayətinə “YOX” dedi

16:20 18-02-2020 419

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılır. 

HerGun.Az-ın məlumatına görə, MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib. 
MSK katibi Arifə Muxtarova 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib. 

Müraciəti deputatlığa namizəd Zeyqan Hüseynov verib. 

Qeyd olunub ki, müraciət araşdırılıb və müvafiq rəy verilib. 

Şikayət verən şəxs bildirib ki, dairə üzrə seçkinin nəticəsinin mübahisələndirilməsinin tərəfdarı deyil. 

“Şikayət edən tərəf qeyd edib ki, həmin seçki dairəsinin yalnız 7 saylı seçki məntəqəsində qanun pozuntusu olub. Hesab edir ki, 7 saylı seçki məntəqəsi üzrə nəticələr ləğv edilməlidir”-deyə Arifə Muxtarova əlavə edib. 

MSK-nın iclasında qərara alınıb ki, qanun pozuntularına dair tutarlı dəlillər yoxdur. Buna görə də, müraciət edən şəxsin şikayəti təmin edilməyib. 

Qeyd edək ki, 56 saylı Xaçmaz Kənd Seçki Dairəsinin lider namizədi Sevil Mikayılovadır. 
Qeyd edək ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin 7 seçki məntəqəsinin də nəticələri etibarsız hesab olunmuşdu. 

Aqşin Kərimov