Rəsmi Bakı Küveytin Qarabağla bağlı mövqeyini yüksək qiymətləndirir - RƏSMİ

02:20 22-02-2020 462

Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 59-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. ‌

HerGun.Az-ın məlumatına görə, Küveyt səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsi ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirib. ‌O qeyd edib ki, qarşılıqlı səfərlər, yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. ‌

“İki ölkə arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir”, - deyə səfir bildirib.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov isə qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. R.Həsənov Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini söyləyib. Ramiz Həsənov deyib ki, Küveytin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir.

Aqşin Kərimov