Bu gün bağlanan Biləsuvar gömrük məntəqəsində xüsusi yoxlamalar - VİDEO

18:20 23-02-2020 401

İranda koronavirus infeksiyasının aşkar edilməsindən sonra cənub qonşumuzla  ölkəmiz arasındakı Biləsuvar və Astara gömrük-buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Gömrük postuna Səhiyyə Nazirliyi tərəfindən həkimlər ezam olunub. İrana gedən şəxslərə ehtiyatlı olmaları, qoruyucu maskalardan istifadə etmələri tövsiyə olunub.

Sərnişinlər üçün nəzərdə tutulan keçid zolaqlarında yüksək hərarətə qarşı həssas  termal kameralar quraşdılıb. Piyadaların hər birinin bədən hərarəti ayrı-ayrılıqda xüsusi lazer cihaz vasitəsilə də yoxlanılır. Hər hansı şəxsdə 37,2 və ondan artıq hərarət aşkar edilərsə, dərhal nəzarətə götürülür.

Biləsuvar Gömrük məntəqəsinin rəisi Ceyhun İbrahimov Baku TV-yə açıqlamasında bildirib ki, gömrükdə piyada keçidləri və onların təmasda olduğu ərazilər də diqqətdə saxlanaraq, iki saatdan bir dezinfeksiya olunur.

Yerli və əcnəbi vətəndaşlara koronavirusdan qorunmaq üçün Azərbaycan və ingilis dillərində xüsusi məlumat vərəqələri paylanılır.

Qeyd edək ki, bu gün İranda yayılan koronavirus təhlükəsinin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Biləsuvar gömrük-keçid məntəqəsi bağlanıb, Astarada isə məhdudiyyətlər qoyulub.