Savelyev: “Xocalı hadisələrinin kədərini azərbaycanlı qardaşlarımızla bölüşürük” - MÜSAHİBƏ

16:20 24-02-2020 520

Fevralın 26-da Xocalıda baş verən faciəli hadisələrin növbəti ildönümü münasibəti ilə Bakıda keçiriləcək anım mərasimində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev iştirak edəcək.

Bu barədə Media.Az-a siyasətçinin özü məlumat verib.

“Xocalıdakı hadisələr Azərbaycan xalqının yaddaşında həmişəlik sağalmaz yara olaraq qalacaq. Rusiyalılar təbii ki, bu ağrını azərbaycanlı qardaşları ilə bölüşürlər. Bir çox şəhərlərdə anım günləri keçirilir, rusiyalılar başsağlığı verir və Xocalıda ölən, doğma və yaxınlarını itirmiş azərbaycanlıların kədərlərini bölüşməyə hazır olduqlarını ifadə edirlər. Fevralın 25-də Moskvada Tolerantlıq Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə anım tədbiri keçiriləcək. Moskvalılar kədərli ənənəni gözləyərək, Xocalıda ölənlərin xatirəsini yad edəcəklər”, - deyə Savelyev bildirib.

“Bu günlərdə Bakıda olmağı planlaşdırıram. Ötən il olduğu kimi bu il də mütləq anım tədbirlərinə qatılacağam. Belə hadisələrin xatirəsi nəsildən-nəslə ötürülməlidir, dünya ictimaiyyətinə isə bu faciə barədə daim xatırlatmaq gərəkdir. Axı Xocalı hadisələrinə hələ də hüquqi qiymət verilməyib, günahkarlar isə cəzasız qalıblar”, - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyevin sözlərinə görə, bu faciəli hadisələrdə soyqırımın bütün əlamətləri özünü göstərib və bu, dünya ictimaiyyəti tərəfindən tanınmalıdır:

“Xocalıdakı hadisələrin xatirəsi diqqətlə qorunmalıdır. Çünki məhz nəsillərin yaddaşı – bu cür bəlanın dünyanın heç yerində təkrarlanmaması üçün ən yaxşı müdafiədir”.