Mütəllibovun mətbuat katibi “Xocalıda cəmi iki nəfər ölüb” məlumatından xəbərsiz olub - AÇIQLAMA

13:00 26-02-2020 413

Ermənistanın törətdiyi Xocalı soyqırımından sonra Azərbaycan tərəfi rəsmi şəkildə məlumat yaymışdı ki, Xocalıdakı hadisələr zamanı cəmi iki nəfər ölüb.

1992-ci ilin fevralın 27-də isə Azərbaycan Prezidentinin (Ayaz Mütəllibov) mətbuat xidməti Şuşanın komendantı Rəhim Qazıyevə istinad edərək, Xocalının işğalı ilə bağlı deyilənlərin şayiə olduğunu bildirmişdi.

Rəhim Qazıyev isə belə informasiya dövriyyəyə buraxıb ki, Xocalıda vəziyyət gərgin olsa da, şəhər müqavimət göstərir.

Həmin dövrdə Azərbaycan Prezidentinin informasiya siyasətinə rəhbərlik edən, yəni dövlət başçısının mətbuat katibi işləyən Rasim Ağayev mövzu ilə bağlı HerGun.Az-a danışıb.

Rasim Ağayev qeyd edib ki, həmin zamanlar Azərbaycan mətbuatı faktiki olaraq idarə olunmadığına görə, kimin yazdığının həqiqət olduğunu müəyyənləşdirmək çətin idi.

Onun sözlərinə görə, Xocalıda faciə baş versə də, mərkəzi hakimiyyətdə bununla bağlı dəqiq məlumat yox idi.

“Çox ziddiyyətli məlumatlar gəlirdi. Hansının dəqiq, hansının şayiə olduğunu müəyyən etmək çətin idi. Çünki Xocalı blokadada idi, Azərbaycanın nümayəndələri orada yox idi”, - deyə Rasim Ağayev həmin dövrü belə xatırlayır.

Keçmiş dövlət işçisi bildirib ki, Azərbaycan dünya mətbuatına da çıxa bilmirdi:

“Beynəlxalq mətbuatdan kimə zəng edirdin, cavabları bu olurdu ki, bizi ermənilərlə düşmən etməyin. Ermənilər o zaman Rusiya ilə yanaşı, beynəlxalq qüvvələrin də dəstəyini qazanmışdı”.

Rasim Ağayevin fikrincə, Xocalının işğalı ərəfəsində Azərbaycan müxalifəti faktiki olaraq satqınlıqla məşğul idi.

“Onlar çalışırdılar ki, hakimiyyəti devirsinlər və iqtidara gəlsinlər. İndiyə qədər heç kim başa düşmür ki, ozamankı Azərbaycan müxalifətinin əsas davası hakimiyyət uğrunda mübarizəyə köklənmişdi. Onlar hakimiyyətə gələn kimi Qarabağı unutdular”.

Rasim Ağayev bildirib ki, “Xocalıda iki nəfər ölüb”, “Xocalı müqavimət göstərir” informasiyaları çıxanda Bakıda olmayıb.

“Ola bilər ki, belə səhv məlumat gedib. Mən bilmirəm, hansı fakta əsaslanıb belə məlumat yayılmışdı”.

“Fakt isə budur ki, mən Moskvada böyük mətbuat konfransı keçirdim, Xocalı faciəsi ilə bağlı həqiqətləri dünyaya çatdırdıq”, - deyə Rasim Ağayev əlavə edib.

Aqşin Kərimov