Masallıdakı dəhşətin təfərrüatı: Sarvan Aliyəni altı yaşında zorlayıbmış, qətli törətdikdən sonra...

18:20 26-02-2020 40

Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Qafqazinfo-nun məlumatına görə, bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin altı yaşı olanda Sarvan onunla zorla intim əlaqədə olub.

Buna görə Sarvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, Sarvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdan iki uşağı dünyaya gəlib.

Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada da yaşayıb.

Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb. Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıblar. Sarvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Alim və anası Zemfiranı ov tüfəndi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb.

Lakin Sarvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. Sarvan xəstəxanaya aparılsa da, vəfat edib. Hadisə nəticəsində Alimə və Alim də ölüb, Zemfiranın vəziyyəti ağırdır.

Sarvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.