Azərbaycanlı futbolçu Estoniyada işçi vizası problemi ilə üzləşdi

11:40 27-02-2020 529

Estoniyanın “Trans” klubuna keçən azərbaycanlı futbolçu Nurlan Novruzov bu ölkənin Superkubok matçında martın 1-də son çempion “Flora”ya qarşı oynamaya bilər.

HerGun.Az xəbər verir ki, buna səbəb N.Novruzovun işçi vizası ala bilməməsidir.

Narva klubunun prezidenti Nikolay Burdakov bu barədə açıqlama verib:

“Biz hələ ona işçi vizası ala bilməmişik. Onun alınması üçün bütün lazımi sənədləri vermişik, amma bu barədə qərar hələ verilməyib. Gözləyirik. Novruzovun özü indi Rusiyadadır.

Oxşar situasiya bizim digər iki legionerimizlə də bağlı yaranıb. Onlar “Flora”ya qarşı dəqiq oynamayacaqlar. Ancaq işçi vizası almağı çatdırsaq, Novruzov oynaya bilər”.

“Trans”ın yeni təyin olunmuş türkiyəli baş məşqçisi Cenk Özcan da klubun rəsmi saytına müsahibəsində N.Novruzovdan danışıb:

“Türkiyə yığmasında işlədiyim vaxt biz tez-tez Azərbaycanın bütün yaş qruplarından ibarət milli komandaları ilə qarşılaşırdıq. Çünki onlar bizim böyük dostlarımızdır, eyni mədəniyyətə malikik. Tez-tez belə matçlarda Nurlanı görürdüm, o həmişə seçilirdi.

Mən onu Azərbaycan çempionatında da izləmişdim və belə bir imkan düşsə, onu öz komandama götürmək istəyirdim. O, sürətli və texnikalı oyunçudur, bir neçə mövqedə oynaya bilir. İndi onun viza ilə bağlı problemləri var. Ancaq ümid edirəm ki, bazar günü onu Superkubok matçına yetişdirə biləcəyik”.

Qeyd edək ki, Nurlan Novruzov fevralın 21-də baxışdan uğurla keçərək “Trans”la müqavilə bağlayıb. “Bakı” klubu ilə Azərbaycan kubokunun qalibi olmuş 26 yaşlı hücumçu əvvəl Türkiyənin aşağı divizion komandalarında və Moldovada legioner karyerası yaşayıb.

Səbuhi Musayev