İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”

00:20 29-02-2020 534

“Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır”. 

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib. 

Dövlət başçısı bildirib ki, buna görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq:  

“Bu gün ənənəvi tərəfdaşlarımızla - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur”. 

Prezident İlham Əliyev deyib ki, hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur. Ölkəmiz “Equinor”la birlikdə “Qarabağ yatağı” üzərində çalışır: “Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir”.