Stanislav Mitraxoviç: “Ölkələrimizin iqtisadiyyatları bu böhranın da öhdəsindən gələcək” - MÜSAHİBƏ

12:40 11-03-2020 628

Martın doqquzunda neftin qiymətinin rekord həddə düşməsindən sonra növbəti gün qiymətlər bir qədər artıb. “Brent” markalı neftin qiyməti 3,36 dollar artaraq bir barrel üçün 37,72 dollara, WTI markalı neftin qiyməti isə 3,14 dollar artaraq bir barrel üçün 34,27 dollara qədər bahalaşıb. Bununla belə, Səudiyyə Ərəbistanı neft hasilatını artırır, hasilatın aprel ayında sutkalıq 12,3 milyon barrel təşkil etməsi nəzərdə tutulur. Bu, mart ayındakı göstəricidən, demək olar ki, 25 faiz çoxdur. Belə olduqda yaxın vaxtlarda “qara qızıl”ın qiymətində sabit artım barədə danışmaq olmur. Xatırladaq ki, ötən həftənin sonunda OPEK və Rusiya neft hasilatının azaldılması barədə yeni razılığa gələ bilməyib. Nəticədə, “OPEK+” sazişi pozuldu.

“Forbes”un məlumatına görə, “Goldman Sachs” investisiya bankı ikinci və üçüncü rübdə neft qiymətləri ilə bağlı proqnozlarını bir barrel üçün 30 dollara qədər azaldıb. Ancaq Qərb KİV-lərinin məlumatına görə, Rusiya, Səudiyyə Ərəbistanı və digər neft hasil edən ölkələr “maliyyə yastıqları” yaradıblar.

Bundan sonra neft qiymətləri necə olacaq?

Media.Az artıq bununla bağlı məşhur qazaxıstanlı iqtisadçı Arman Bayqanovla . Bugünkü müsahibimiz isə Milli Energetika Təhlükəsizliyi Fondunun və Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviçdir.

- Aydındır ki, “OPEK+” anlaşması uzadıla bilmədiyi üçün neft qiymətlərində azalma baş verdi. Üstəlik, burada hələ koronavirus problemi də var ki, buna görə Çin enerji istehlakını azaldıb. Lakin qiymətlər nə üçün bu qədər kəskin azaldı?

- Barəsində danışdığınız hadisələr buna səbəb oldu. İlk növbədə, bu, əlbəttə ki, “OPEK+” sazişinin pozulmasıdır. Razılaşma, hətta üzv olmayan, lakin ondan istifadə edən ölkələr üçün də qiymətləri ayaqda saxlamağa imkan verirdi. Bunlar “biletsizlər” adlandırılan - ABŞ, Kanada, Braziliya və bir sıra digər dövlətlərdir. “OPEK+”dan imtina bazarda təşviş əhval-ruhiyyəsinə səbəb oldu. Bununla belə, ABŞ-da neft hasilatının artımı davam edir, çünki o, heç bir şeylə bağlı deyil. Bu sahəyə sərmayə qoyuldu, “qara qızıl” nəql edilməsi üçün neft kəmərləri, limanlar və terminallar inşa edildi. Bundan əlavə “enerji keçidi”, yeni texnologiyalar haqqında çox danışıldı. Bu da təsir göstərdi. Beləliklə, bir çox amil toplandıqca “ideal fırtına” ortaya çıxdı. Yeni şəraitdə yaşamağa alışmaq gərəkdir.

- Bəs Rusiya buna necə reaksiya göstərəcək?

- Düşünürəm ki, Rusiya rublu devalvasiya edəcək, bu artıq baş verir. Büdcə xərcləri azaldılacaq, şirkətlərə isə vergi güzəştləri hesabına kömək edəcəklər. Səudiyyə Ərəbistanı isə hələlik başqa yolla gedir, öz valyutasını devalvasiya etmir.

- Bəs bundan sonra nə olacaq?

- Mən iki ssenari görürəm. Birincisi, “OPEK+ 2.0” adlandıra biləcəyimiz müqavilənin bağlanmasıdır. Müqavilədə neft hasilatının azaldılması ilə bağlı daha az öhdəliklər nəzərdə tutula bilər, yeni ölkələr, məsələn, Braziliya ona qoşula bilər. Bu zaman neft qiymətlərini yaxın gələcəkdə bir barrel üçün 40-45 dollar səviyyəsində möhkəmləndirmək mümkün ola bilər. İkinci variant – “OPEK+ 2.0” olmayacaq, yaşamaq uğrunda qiymət müharibəsi davam edəcək. Neft hasilatı xərcləri ən yüksək olan şirkətlər yarışdan çıxacaq.

- Siz Rusiya rublunun devalvasiyasından danışdınız. Bu ki hər zaman pis deyil, məsələn, yerli istehsal stimullaşdırılır.

- Bəli, bu Rusiya üçün ən az zərərdir. Devalvasiya bizə ayaqda qalmağa imkan verəcək. Ancaq təbii ki, dollar və ya avro ilə ifadə olunan mallar və məhsullar bahalaşacaq. Mən bunu bizim üçün “acı dərman” hesab edirəm. Ancaq istənilən halda yenə də dərmandır.

- Biz bu günlərdə neft qiymətlərinin aşağı düşməsinin ABŞ-dakı “şistçilər”in müflisləşməsinə səbəb olacağını, bundan sonra 2015-ci ildə olduğu kimi, neftin qiymətinin qalxacağını və qiymətlərin bir barrel üçün 70-80 dollar səviyyəsinə çata biləcəyini, bütün bunların maksimum altı ay sonra baş verəcəyini söyləyən qazaxıstanlı ekspertlə söhbət apardıq.

- Düşünmürəm ki, altı ay sonra ola bilər. Bir barrelin qiymətinin 70-80 dollar səviyyəsində olması yalnız Yaxın Şərqdə fövqəladə hadisələr baş verəcəyi halda mümkündür. Məsələn, İran və Səudiyyə Ərəbistanı arasında müharibə başlaya və ya əhəmiyyətli beynəlxalq neft trafikinin vacib hissəsinin keçdiyi Hörmüz boğazı bağlanarsa. Bəli, o zaman qiymətlər bir barrel üçün 80 dollara çata, hətta daha çox ola bilər. Ancaq indi qiymətləri heç olmasa bir barrel üçün 45 dollara qaldırmaq barədə düşünməliyik.

- ABŞ-ın neft hasil edən şirkətlərinin çöküşü necə, mümkündür?

- Məsələ çox maraqlıdır. Bu sualı hələ əvvəlki – 2014-2015-ci illər böhranı zamanı veriblər. Xatırladım ki, hətta 2016-cı ilin əvvəlində “Brent” markalı neftin bir barrelinin qiyməti 27 dollar təşkil edib. Bax, o zaman hasilat azaldılsa da, ABŞ "şistçiləri” sağ qaldılar.

Buna görə də, düşünürəm ki, altı ay istənilən halda azdır. Bir il isə başqa məsələdir. Çünki ABŞ-ın şist neft istehsal edən şirkətləri hedcinq olunub, daha doğrusu, onlar artıq nefti köhnə qiymətlərə satıblar. Bu o deməkdir ki, onlar qarşıdakı müəyyən müddətə sığortalanıblar. Söhbətimizin xülasəsi kimi onu deyim ki, bizim neft hasil edən ölkələrimizin – Rusiya, Qazaxıstan və Azərbaycanın iqtisadiyyatı bu böhranın da öhdəsindən gələcək.