İosif Arçvadze: “Azərbaycan və Gürcüstana səyləri birləşdirmək lazımdır” - MÜSAHİBƏ

12:40 14-03-2020 508

COVID-19 yeni koronavirusunun dünya miqyasında yayılmasının fəsadları ilə əlaqədar Gürcüstan hökuməti “iqtisadiyyatın böhran əleyhinə stimullaşdırılması” planını hazırlayır.

Gürcüstan COVID-19-a görə turist axınının azalmasından narahatdır. “Kavkasia” və “Sakartvelo” universitetlərinin professoru Akakiya Tsomayanın sözlərinə görə, “turizm ilə bağlı hər şey aydındır və ziyan ciddi olacaq. İxracatımız, əsasən, xammaldan ibarətdir, buna görə, beynəlxalq ticarət azaldıqca qiymətlər düşə bilər. Ticari tərəfdaşlarımız (Azərbaycan və Rusiya) əsas etibarilə xammal satır və onların gəlirləri azalacaq ki, bu da bizə mənfi təsir göstərəcək. Sirr deyil ki, pul köçürmələrinin ən böyük həcmi turizmə bağlı olan ölkələrdən (Türkiyə, Yunanıstan, İtaliya) gəlir və burada da azalma gözlənilir. Bu, uyğunlaşmalı olduğumuz bir amildir. Hökumət yalnız yenidən paylaşdıra bilər, ancaq yeni bir şey yarada bilməz” (“Exo Kafkaza”dan sitat).

Media.Az məşhur gürcü iqtisadçısı, Tbilisi Dövlət Universitetinin professoru İosif Arçvadzedən yaranmış vəziyyəti şərh etməsini istəyib.

- COVID-19 koronavirusu səbəbindən Azərbaycandan Gürcüstana turist axınının azalması həqiqətən real faktdır?

- Təəssüf ki, elədir. Koronavirusun vurduğu zərbə dünya iqtisadiyyatına dəyib və bütün sahələrə təsir göstərib (turistlərin azalması, neftin ucuzlaşması və s.). İndi bu fors-major halının müxtəlif ölkələrin, o cümlədən Gürcüstan və Azərbaycanın iqtisadiyyatına vurduğu ziyanı təhlil etmək vacibdir.

Aydındır ki, ən böyük zərər turizm sahəsinə dəyəcək. Gürcüstanda turizmdən əldə olunan gəlir ÜDM-in (Ümumi Daxili Məhsulun) təxminən səkkiz faizini təşkil edir. Hətta iki dəfə azalma büdcəmizi gəlirlərin dörd faizindən məhrum edir.

- Azərbaycan Gürcüstanın əsas ticari tərəfdaşlarından biridir. Bəlkə yeni qlobal böhranın nəticələrini minimuma endirmək üçün səyləri birləşdirmək məntiqli olardı?

- Sizinlə razıyam. Bu lazımdır. Ayrı-ayrılıqda heç bir ölkə bunun öhdəsindən gələ bilməz. Səylərimizi nə qədər tez birləşdirsək, Azərbaycan və Gürcüstan üçün bir o qədər yaxşı olar. Güc birlikdədir. Bir vaxtlar bu çox populyar bir şüar idi. Ancaq bu gün də aktuallığını qoruyur.

- Bəs nə etmək olar?

- Hər şeydən əvvəl, hesab edirəm ki, həm Gürcüstandan Azərbaycana, həm də Azərbaycandan Gürcüstana zəruri malların, məhsulların daxil olması üçün güzəştli şəraitin yaradılması mümkün olacaq.

“Dəniz kənarında külək gözləməyin” yeri yoxdur. Özümüz də tədbirlər görməli, qarşılıqlı işə başlamaq üçün iqtisadi stimul yaratmalıyıq. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bir müddət əvvəl Azərbaycan dörd il ərzində Gürcüstanda ən böyük xarici investorlardan biri idi. Və burada SOCAR-ın böyük rolu var, bu şirkət ölkəmizdə çox uğurla fəaliyyət göstərir.