UEFA rəsmən açıqladı: AVRO-2020 AVRO-2021 oldu

19:20 17-03-2020 525

UEFA İcraiyyə Komitəsi rəsmi qərarını açıqlayıb.

HerGun.Az xəbər verir ki, AVRO-2020 rəsmi olaraq koronavirus təhlükəsinə görə 12 ay sonraya keçirilib. Təklif olunan yeni tarix 2021-ci ilin 11 iyun – 11 iyul tarixləridir.

Kişi və qadınlar üzrə klub və milli komandaların oyunları (yoldaşlıq oyunları da daxil olmaqla) qeyri-müəyyən müddətə təxirə salınıb. Martın sonlarına planlaşdırılmış AVRO-2020-nin pley-off matçları və yoldaşlıq oyunları iyunun əvvəlinə salınıb.

UEFA liqalar və klubların nümayəndələrinin iştirakı ilə cari mövsümün başa çatması üçün təqvimi müəyyənləşdirmək üçün İşçi Qrupu yaradıb.

UEFA AVRO-2020 üçün bilet almış şəxslərin 2021-ci ildə oyunlara gedə bilmədikləri halda, pullarını tam şəkildə geri qaytarılacağına zəmanət verdiyini açıqlayıb. 2021-ci ildə oyunları izləməyə gələ bilməyən şəxslər növbəti bir ay ərzində elektron poçt və euro2020.com/tickets vasitəsilə pullarına qovuşa biləcək.

UEFA-nın bayrağı altında keçirilən klub və milli komanda yarışlarının vaxtları barədə qərarlar daha sonra elan ediləcək.

Səbuhi Musayev