Paytaxtda qəribə cinayət hadisəsinin üstü açıldı

14:00 18-03-2020 575

İctimai təhlükəli hərəkətdən polisin diqqətini yayındırmaq üçün paytaxt sakinindən martın 14-də evindən 1150 manat pul və 1200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən HerGun.Az-a bildirilib ki, daxil olan bütün müraciətlərin məzmunundan asılı olmayaraq, hər bir çağırışa həssas yanaşan polis müraciət üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlamaqla, oğurluq əməlində şübhəli bilinən şəxsləri müəyən edərək saxlayıb. 

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının fakt üzrə peşəkar əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslərdən - 1989-cü il təvəllüdlü, əvvəllər məhkum olunan K.Mustafayevdən 1,805 q heroin, 1,215 q xaşxaş, 0,286 q marixuana, 0,644 q həşiş, bir kapsula peraqabalin, R.Fətəliyevdən isə 8,352 q heroin aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 1992-ci il təvəllüdlü Ə.Hüseynzadənin verdiyi məlumat yalandır. Müəyyən edilib ki, oğurluq faktı ilə şübhəli şəxs qismində saxlanılanlar aşkarlanan narkotik vasitələri Nəsimi rayonunda yaşayan Ə.Hüseynzadənin evindən oğurlayıblar. Ə.Hüseynzadə hərəkətində cinayət tərkibinin olduğu nəzərə alınaraq tutulub. 

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə Nəsimi RPİ İstintaq şöbəsində cinayət işinə başlanıb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.