Macarıstandan qayıdan idmançılarımız karantinə alındı - FOTO

11:00 19-03-2020 474

Macarıstanın paytaxtı Budapeştdə keçirilən kempo-karate döyüş növü üzrə yarışda iştirak etmiş idmançılarımız xüsusi reyslə Bakıya gətirilib.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycan Qodzo Ryu Okinava Karate Do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti və baş məşqçisi Tarverdi Allahverdiyev də daxil olmaqla, bütün idmançılar karantinə alınıb.

Bu barədə millimizin üzvü Yusif Əhmədov məlumat verib: “Səhər saatlarında Bakıya çarter reysi ilə gətirildik. Hazırda karantindəyik”.

Onu da bildirək ki, yarış martın 14-də başa çatıb. Koronavirus təhlükəsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq, idmançılarımız Bakıya bu gün səhər gəliblər. 

İdmancılarımız Budapeştdə qaldıqları dönəmdə onlara bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Evi və diaspor təşkilatları dəstək göstəriblər. Budapeştdəki Azərbaycan Evini ziyarət edən idmançılarımız “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli ilə də görüşüblər.

Qeyd edək ki, idmançılarımız 13-14 mart tarixlərində keçirilən Avropa çempionatında iştirak ediblər. Yeddi idmançı ilə təmsil olunan komandamız bu yarışdan dörd qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

Səbuhi Musayev