Bayram gecəsi avtomobil ehtiyat hissələri mağazasını yarmaq istədi, ələ keçdi - FOTO

17:00 21-03-2020 627

Bayram gecəsi avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edən şəxs mühafizə polisi tərəfindən saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin texniki vasitələri ilə qorunan obyektlərdən birindən oğurluğun qarşısı alınıb.  

Belə ki, həmin ünvanda yerləşən, xüsusi texniki vasitələrlə qorunan avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Qeyd edilən ərazi üzrə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya verilib. Cəmi 30 saniyə sonra əraziyə gələn polis əməkdaşları oradan bir nəfərin oğurluq etdiyinin şahidi olublar. 

Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışsa da, mühafizə polislərinin çevikliyi sayəsində onu saxlamaq mümkün olub. Daha sonra həmin şəxs ərazi üzrə Nizami  RPİ-nin 23-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman saxlanılanın Yardımlı rayon sakini Hüseyn Dadaşzadə olduğu məlum olub.

Saxlanılan şəxsin ətrafında araşdırma aparılarkən onun paytaxt ərazisində daha bir neçə obyektdən oğurluq etdiyi məlum olub. 

Hüseyn Dadaşzadənin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər vaxtında etibarlı şəkildə qorunur.