Bakıda qaz xəttinə qanunsuz qoşulma faktları müəyyən edildi - FOTO

13:40 24-03-2020 427

Bakıda qaz xəttinə dəfələrlə qanunsuz qoşulma faktlarına görə, təhlükəli vəziyyət yaranıb.

HerGun.Az xəbər verir ki, bu, Xətai rayonu, Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində, 64 saylı orta məktəbin yaxınlığında yaşayan vətəndaşlardan biri tərəfindən aşkar edilib. 

Sözügedən ünvanda yaşayan vətəndaş (adı açıqlanmır - red.) qonşusunun qanunsuz əməlləri barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 saylı operativ Çağrı Mərkəzinə məlumat verib. O, qonşusunun qaz xəttinə qanunsuz birləşmə etdiyini və qaz təsərrüfatı işçiləri tərəfindən həmin qoşulmanın dəfələrlə kəsildiyini bildirib. Lakin bu hal yenidən təkrarlanıb. 

Çağrı Mərkəzinə daxil olan fotolardan da görünür ki, vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir və bunun nəticələrinin ağır olacağının fərqində deyil, kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir.

“Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər. Qazdan yalnız “Azəriqaz” İB ilə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır. 

Çağrı Mərkəzinə daxil olan müraciət əsasında “Azəriqaz” İB tərəfindən sözügedən faktla bağlı araşdırma aparılıb. Fakt üzrə qurum tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib.

Daha bir fakt isə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzüb. Əslində isə o, həmin daşların içərisini yonaraq, nazik rezin boru ilə qaz oğurlayıb. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Azəriqaz” İB tərəfindən qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlər görüləcək.