Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO

16:20 24-03-2020 472

Bakıda sürücü maska taxmayan və əlcək geyməyən yol polisinə etiraz edib.

HerGun.Az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Yol polisi avtomobili saxlayaraq, sürücüdən sənədlərini təqdim etməyi tələb edib. Sürücü isə polisin maska və əlcəkdən istifadə etməməsinə etiraz edərək, avtomobilin şüşəsini endirməkdən imtina edib:

“Mən bilmirəm, bəlkə sən xəstəsən? Vaqif Əsədov deyib ki, maska və əlçəkdən istifadə məcburidir”.

Polis əməkdaşı isə bunun məcburi olmadığını deyib.

Məsələ ilə bağlı HerGun.Az Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O, belə bir açıqlama vermədiyini bildirib:

“Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin qərarına əsasən, bütün qurumlar, nazirliklər qabaqlayıcı tədbirləri daha da gücləndirib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də əməkdaşlarına tövsiyə xarakterli müraciət edərək, tibbi maska və əlcəklərdən istifadə etmələrini xahiş edib. Burada heç bir məcburiyyət və rəsmi qərar yoxdur. Mən belə açıqlama verməmişəm. İdarə əməkdaşları da bütün yoxlamalardan keçib. Hər gün mütəmadi olaraq, idarədə dezinfeksiyaedici məhlullardan istifadə edilir. Necə ola bilər ki, xəstə əməkdaş iş başında olsun? 

Həmin vətəndaş şəxsi mənafeyi xətrinə polisin fəaliyyətinə kölgə salmağa çalışıb. Bu, hazırlanmış “ssenaridir”. Ölkə ərazisində koronavirusla bağlı bu qədər ciddi vəziyyət davam edərkən, vətəndaşların məsələyə qeyri-ciddi yanaşması təəssüf doğurur. Yol polisinin fəaliyyətinə qarşı əsassız etiraz və təxribat xarakterli videonun çəkilməsi, sosial şəbəkədə paylaşılmasının nəyə xidmət etdiyini anlaya bilmirəm. Yəqin ki, həmin şəxs barəsində aidiyyəti orqanlar tərəfindən tədbir görüləcək”.

Bununla yanaşı, V.Əsədov yol polisi əməkdaşlarının nöqsanları barədə sosial şəbəkədə paylaşım edilməsini müsbət qiymətləndirib:

“Bəzən sosial şəbəkələrdə yol polisi əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirərkən yol verdiyi nöqsanlar ictimailəşdirilir. Təbii ki, əsaslı iddialar olan məqamlar tərəfimizdən araşdırılır və problemlər aradan qaldırılır. Lakin bu cür əsassız iddialarla yol polisinin fəaliyyəti ilə bağlı paylaşım edilməsi yolverilməzdir”.

Könül Cəfərli