Bakıda yeni tikintiyə görə ağacları köçürdülər

20:40 27-03-2020 340

Nərimanov rayonu A.Heydərov küçəsi ilə Ə.Orucəliyev küçəsinin kəsişməsində köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə icra olunan pilot layihə çərçivəsində layihə altına düşən ağacların köçürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov jurnalistlərə bildirib ki, rəy verilməmişdən əvvəl tikintini aparan “Azneftemaş” QSC tərəfindən edilmiş müraciət əsasında layihə altına düşən ağacların köçürülməsinə zərurət yarandığı üçün maraqlı tərəflərin, o cümlədən layihəçilərin, ekspertlərin, QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib:

“Tikinti altına düşən ağacların saxlanılması və saxlanılması mümkün olmayanların köçürülməsi məsələsi müzakirə olunub, fikirlər dinlənilib. Götürülən ağacların əvəzinə daha çox ağacın əkilməsi və ekoloji tarazlığın qorunması üçün bütün imkanlar araşdırılıb”.

M.Qəmbərov qeyd edib ki, yeni ağacların əkilməsi məqsədilə tikinti sahəsindən kənarda ərazi ayrılmasına nail olunub və icraçı qarşısında yeni yaşıllıq sahəsinin salınması tələbi qoyulub: 

“İctimai dinləmələrin nəticəsi olaraq layihə altına düşən bir tut və bir qarağac, üç safora və üç qovaq ağacının götürülməsinə, əvəzində 500 yeni ağacın əkilməsinə, 73 ağacın isə köçürülməsinə rəy verilib. Ağaclar Bakı şəhər İH-nin Yaşıllaşdırma İdarəsi tərəfindən çıxarılaraq Ramana tingçilik sahəsində əkilib. Hazırda köçürülən ağaclara aqrotexniki qulluq göstərilir. Yeni ağacların əkilməsi üçün metropoliten deposunun yaxınlığında ayrılmış ərazidə icraçı tərəfindən 400 ədəd çinar və 100-ə yaxın şam ağacı əkilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Nərimanov rayonunda kütləvi ağac kəsimi haqqında məlumatlar yayılmışdı.