Kosmonavtlara kökəlmək qadağan edilir - SƏBƏB AÇIQLANDI

01:40 09-04-2020 617

Kosmik gəminin tarazlığının pozulmaması üçün kosmonavtlara artıq çəki yığmaq olmaz.

Bunu Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçan “Soyuz MC-16” gəmisinin komandiri Anatoli İvanişin “RİA Novosti”yə müsahibəsində deyib.

“Soyuducuya hər zaman “girmək” olar. Ancaq iki məhdudiyyət var. Birincisi, bu proses gün ərzində görməli olduğunuz funksional vəzifələrinizin yerinə yetirilməsinə mane olmamalıdır. İkincisi, sağ və sol oturacağı tutan heyət üzvləri arasında çəki fərqi az olmalıdır”, - deyə, İvanişin bildirib.

“Həmkarlarım soyuducuda eşələnsələr, elə etməlidirlər ki, çəkiləri dəyişməsin”, - kosmonavt əlavə edib.

Onun sözlərinə görə, yalnız eniş vaxtı mərkəzi kresloda əyləşən kosmonavt üçün məhdudiyyət yoxdur.

Hazırda BKS-də rusiyalı Oleq Skripoçka, amerikalılar Endrü Morqan və Cessika Meyr xidmət edirlər. Aprelin 9-da İvanişin, daha bir rusiyalı İvan Vaqner və amerikalı Kristofer Kessidi onlara qoşulacaq. Bundan bir müddət sonra Skripoçka, Morqan və Meyr Yerə qayıdacaqlar.