Mahir Şükürov: “Baxdım ki, Bakıda yerindən duran hamı futbol məktəbi açıb” - FOTO/VİDEO

23:20 11-04-2020 644

“Argentinalı məşqçi Ektor Kuper Türkiyənin “Orduspor” klubunu çalışdıran vaxt onun tərcüməçiliyini Hüseyin Bəyazıt edirdi. 2014-cü ildə Yusuf Şimşək mənim oynadığım “Karşıyaka” komandasına baş məşqçi gələndə əcnəbi futbolçuların tərcüməçiliyini etmək üçün onu da kluba götürdü.

Mənə o vaxt İzmirdə ev verilmişdi. Hüseyin də bazada qalırdı. Gördüm ki, istiqanlı, çevik uşaqdır. Ona təklif etdim ki, gəl, mənim yanımda qal. Özü də inanmadı. Evimdə qalanda bütün işlərimi görürdü. Ondan sonra daha da dostlaşdıq, ailəvi münasibətlər formalaşdı”.

Bunu HerGun.Az-a millimizin sabiq futbolçusu Mahir Şükürov deyib.

O, İstanbulda Fransanın məşhur PSJ futbol məktəbində işlədiyini bildirib. 37 yaşlı keçmiş futbolçu bunun necə baş verməsindən danışıb:

“Hüseyin Belçika vətəndaşıdır. Belçikanın da rəsmi dillərindən biri fransız dilidir. Ona Fransanın PSJ klubundan Türkiyədə məktəb açmaqla bağlı təklif gəlmişdi. Elə oldu ki, Nihat Uğurlunun rəhbərliyi altında İstanbulda PSJ-nin məktəbini açdıq. Hüseyin o məktəbdə menecerlik xidmətləri ilə məşğuldur.

Mən də o məktəbdə menecerlik edirəm. Bizim məktəbdən çıxan istedadlı uşaq futbolçuları PSJ-yə göndəririk. Koronavirusa görə hazırda Türkiyədə bütün idman məşqləri dayandırılıb, idman məktəbləri bağlanıb. İnşallah, Allahın izni ilə koronavirusdan sonra əvvəlki işimizə qaldığımız yerdən davam edərik”.

Mahir Şükürov iki ay əvvəl verdiyi müsahibədə PSJ-nin Bakıda məktəbini açmaq istədiyini bildirmişdi. Amma sabiq sağ cinah müdafiəçimiz bu fikrindən yayınıb:

“Mən baxdım ki, Bakıda yerindən duran hamı futbol məktəbi açıb. Ona görə də Bakıda açmaq fikrindən vaz keçdim. İstanbulda əhali çoxdur. Valideynlər tərəfindən də futbola tələbat yüksəkdir. İstanbulda şərait də yaxşı olduğundan, hələ ki ora ilə kifayətləndik. PSJ-nin İstanbuldan başqa, Antalya, Ankara, Bursa və İzmirdə də məktəbi var”.

Səbuhi Musayev