A Seriyasının keçmiş futbolçusu: “Bakıda sevgilimlə günün çox hissəsini evdə keçiririk” - FOTO

15:20 13-04-2020 45

“Azərbaycanda koronavirusa görə bütün idman tədbirləri təxirə salınıb. İndi karantin qaydaları daha sərtdir. Sevgilimlə mağazaya gedirik. Günün çox hissəsini evdə keçiririk. Bir ay əvvəl Azərbaycan çempionatı dayandırıldı.

Cümə günü bazar gününə təyin olunmuş oyuna hazırlaşırdıq. Həmin gün bizə iki günlük istirahət verildi. Oyunlar dayandırıldı. Sonra dedilər ki, apreldə çempionatın bərpasının yeni tarixi müzakirə olunacaq”.

HerGun.Az xəbər verir ki, bunu “Zirə” klubunun perulu futbolçusu Alvaro Ampuero ölkəsinin larepublica.pe saytına müsahibəsində deyib. Bakı klubunda icarə əsasında çıxış edən 27 yaşlı sol cinah oyunçusu Azərbaycan çempionatı barədə məlumat verib:

“Səkkiz komandadan ibarət dörd dövrəli çempionatdır. Hər rəqiblə iki dəfə evdə, iki dəfə səfərdə üz-üzə gəlirsiniz. Avropa Liqasına vəsiqə verən ölkə kuboku da var. Biz yarımfinaldayıq və bu ay oynamalı idik. Ancaq indi vəziyyətin necə olacağını bilmirəm.

Bu fasilə adama psixoloji cəhətdən çətin gəlir. Turnir cədvəlinin son pilləsində idik. Bizdən çox şey gözlənilirdi. Hər oyun komandamız üçün finala bərabər idi. İlk vaxtlar düşünmək olardı ki, koronavirus infeksiyasına yoluxma az idi və onu nəzarətdə saxlaya bilirdilər deyə, çempionat tez bərpa olunacaq.

Amma çempionatın dayanmasından bir ay keçib. Yanvarda Türkiyədə 20 günlük təlim-məşq toplanışında olduq. Lakin həmin formanı artıq itirmişik. Günbəgün hər şey dəyişir. Karyeramda indiki kimi heç vaxt bu qədər idmandan kənarda qaldığım olmamışdı”.

Vaxtilə İtaliyanın “Parma” klubunun heyətində A Seriyasında beş oyun keçirmiş, oradakı debütünü 2013-cü ilin martın 17-də Françesko Tottinın çıxış etdiyi “Roma”ya qarşı etmiş Peru millisinin sabiq futbolçusu ölkəmiz haqda ilkin təəssüratlarının başqa cür olduğunu bildirib:

“Bura gəlməzdən əvvəl elə bilirdim ki, Azərbaycan Səudiyyə Ərəbistanı kimi mədəniyyətə sahib ölkədir. Lakin Bakı gözəl və müasir şəhərdir. Burada hər şey var. Çempionat məni çox təəccübləndirdi. Yaxşı komandalar, oyunçular, stadionlar var. Buna baxmayaraq, əhali stadionlara gəlmir. Burada Perudakı kimi tamaşaçı atmosferi olmur. Bu atmosferi Perudakı ilə müqayisə etmək belə qəribədir. 

İndi istəyirəm ki, yaxşı oynayaraq Peru millisinə qayıdım. Çünki dünya çempionatında oynamaq xəyalları qururam”.

Səbuhi Musayev