Şahmat üzrə Birinci Azərbaycan Kubokunun oyunları canlı yayımlanacaq

12:40 15-04-2020 45

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə keçiriləcək internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokuna qeydiyyat sona yaxınlaşır. 

HerGun.Az xəbər verir ki, yarışda iştirak etmək üçün 100-ə yaxın şahmatçı qeydiyyatdan keçib. 

İştirakçılar arasında Azərbaycan milli komandasının üzvləri, Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Vasif Durarbəyli, qadın şahmatçılardan ibarət yığmamızın təmsilçiləri – Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və digər tanınmış şahmatçılar yer alıb. Eyni zamanda, ABŞ, Ukrayna, Türkiyədə yaşayan Azərbaycan şahmatçıları da yarışda iştirak edəcəklərini təsdiqləyiblər.

Layihənin təşəbbüskarı - Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və AŞF-nın vitse-prezidenti Mahir Məmmədov yarış barədə bunları deyib: “İlk növbədə, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının layihəyə dəstək olduğunu qeyd etmək istərdim. Koronavirus pandemiyası ilə əlaqədar hamı evdə qalmağa çalışır. Biz də özünüzün və ailənizin sağlamlığını qorumaq üçün məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik. Eyni zamanda, evdə qalan şahmatçılara Azərbaycan Kubokunda mübarizə aparmaq imkanı yaradırıq. Yəni evdə qal, amma şahmatdan qalma. Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb. Bir neçə saat davam edəcək yarışda rəqabətin olacağı sevindiricidir. Yığma üzvlərinin də iştirakı yarışa olan marağı daha da artıracaq. Şahmat həvəskarlarının internet vasitəsilə bütün oyunları canlı izləmək imkanı olacaq”.

Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat bu gün saat 22:00-da başa çatacaq. Yarış sabah saat 19:00-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün bir dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün bir saniyə əlavə vaxt veriləcək. 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 min manat təşkil edir. Qalib üç min manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 AZN əldə edəcək. 16 yaşadək olan və FIDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

Turnir “İdman” telekanalı ilə canlı yayımlanacaq. Partiyaları əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcək.