Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı sualları cavablandıracaq

21:00 16-04-2020 69

Keçmiş prezident Serj Sarqsyan Ermənistanda “Aprel müharibəsi” adlandırılan 2016-cı ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş hərbi toqquşmalarla bağlı bütün sualları cavablandırmağa hazır olduğunu bildirib.

Bunu hazırkı Baş nazir Nikol Paşinyan tərəfindən devrilən Sarqsyan aprelin 16-da parlamentə 2016-cı ilin aprelindəki hərbi toqquşmaların şəraitinin öyrənilməsi üçün yaradılmış müvəqqəti parlament komissiyasının iclasına yollanarkən jurnalistlərə açıqlamasında deyib.

“Gizlədəcəyim bir şey yoxdur və bütün suallara həqiqətən cavab verməyə hazır olduğum vaxt gəlib çatıb. Fövqəladə vəziyyətin başa çatmasından sonra mənim iştirakımla iclas keçirilməsi üçün komissiyaya müraciət etdim. Çünki fövqəladə vəziyyət rejimi uzadılıb, mən sizi maraqlandıran bütün suallara cavab vermək imkanından məhrumam, bu isə elə geniş mövzudur ki, onu beləcə - ayaqüstə müzakirə etmək olmaz”, - Ermənistanda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyətin başa çatmasından sonra mətbuat konfransı çağıracağına və yalnız “Aprel müharibəsi” ilə bağlı bütün sualları cavablandıracağına söz verən eks-prezident bildirib.

Parlament komissiyası N.Paşinyanın 2019-cu ildə “Aprel müharibəsi”nin səbəblərini araşdırmağın lazım olduğuna dair açıqlamasından sonra yaradılıb.

“Bizi narahat edən suallara cavab almaq üçün 2016-cı ilin “Aprel müharibəsi”nin şəraitinin öyrənilməsi ilə bağlı parlamentin istintaq komissiyasının yaradılmasının vaxtı çatdı”, - N.Paşinyan bildirib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın bütün sərhəd mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmışdı.

Təmas xətti yaxınlığında yerləşən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 6 mülki şəxs, o cümlədən 16 yaşdan kiçik iki uşaq həlak olub, 26 nəfər ağır yaralanıb. Həmçinin mülki infrastruktur da daxil olmaqla ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub.

232 fərdi yaşayış evi, elektrik xətləri, üç yarımstansiya, su və qaz xətləri dağıdılıb.

Erməni bölmələri sosial müəssisələrə, o cümlədən məktəblərə və xəstəxanalara idarə olunan raketlərlə zərbələr endirib. Məscidlərdən birinə ibadət zamanı iriçaplı artilleriya mərmisi düşüb.

Erməni təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təcili və təxirəsalınmaz cavab tədbirləri görməyə qərar verib.

Nəticədə dördgünlük döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsini azad edib.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ərazisindəki yüksəklikləri, həmçinin Seysulan şəhərini boşaltdı. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik nəzarətə götürülüb. Həmçinin, aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yollarda nəzarəti təmin edib.

Döyüşlərdə 30-a qədər erməni tankı, 15-dək artilleriya qurğusu və mühəndis-istehkam qurğuları məhv edilib. Bununla yanaşı düşmənin 320 hərbçisi məhv edilib, yaralıların sayı 500-dən çox olub.  

Aprelin 5-də, saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Döyüşlərin nəticələrinə əsasən, Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini erməni işğalından azad etdi, əməliyyat nöqteyi-nəzərindən daha böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilən ərazilərdə möhkəmləndirmə işləri aparıb.

Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqəti, Azərbaycan ordusunun yüksək döyüş hazırlığını, işğal olunmuş əraziləri hər an azad etmək imkanlarını nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasının başlanğıcı qoyuldu.

Rasim Babayev