“Qəbələ”nin futbolçusu koronavirus vaxtı Azərbaycandan İspaniyaya necə getdiyini bir-bir anlatdı

21:20 17-04-2020 453

“Öz itinlə otağından çıxıb gəzməyə gedə bilməmək adama axmaqlıq kimi görünür. Bu, dəhşətli mənzərədir”.

HerGun.Az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Fernan Fereyroa İspaniyanın “lavozdegalicia.es” saytına açıqlamasında deyib.

25 yaşlı mərkəz yarımmüdafiəçisi Azərbaycandan necə icazə aldığını, ölkəsi İspaniyaya necə getdiyini anladıb: 

“Azərbaycanda çempionatı dayandırdılar. Onda məhdudiyyətlər olsa da, hələ karantin elan olunmamışdı. Ancaq hiss etdim ki, bu vaxt uzun çəkəcək. Atam tək qalmasın deyə İspaniyaya qayıtmaq qərarına gəldim. Klubumla danışdım. Onlar buna çox yaxşı yanaşdılar və mənə razılıq verdilər. Mən gəldikdən bir neçə gün sonra Azərbaycanda karantin elan olundu.

Bakıdan hara uçmağın təhlükəsiz olmasını əvvəlcə planlaşdırdım. Hansı ölkədə karantinə alınmayacağımı müəyyənləşdirməliydim. Həmin vaxt Londona uçmaq ən yaxşı variant idi. Ancaq bu səfər mənim üçün çətin keçdi.

Yaşadığım Viqo şəhərinə çatmaq üçün iki günüm getdi. Britaniyanın paytaxtında Madridə, ordan da qatarla Viqoya getmək üçün təyyarəni səkkiz saat gözlədim. Madriddə hava limanı boş idi, onda hər şey də normal idi. Çemodanımı götürdüm və heç kim mənə heç nə demədi”.

O daha sonra ölkəsində ev şəraitində karantin keçdiyini bildirib:

“Viqoya çatanda atam məni qarşılamağa gəlmişdi. Yollar boş idi, maşınlar yox idi. Bütün bunlar məni təəccübləndirirdi. İki həftə bir otaqda karantin keçdim. Çünki atam virusa yoluxma risk qrupuna aid idi. Ona yoluxdurmamaq üçün iki həftə onunla əlaqə qurmadım. İndi isə bu dövrü arxada qoymuşam. Qonaq otağına gedirəm, balkona çıxıram və itimi gəzdirirəm.

Həftədə altı gün evdə məşq edirəm, yalnız bir gün istirahət edirəm. Hər iki gündən bir “Qəbələ”nin tərcüməçisi və ya idman direktoru mənimlə danışır, necə olduğumu soruşur və Azərbaycandakı ümumi məlumatı çatdırır. Son qərar üçün yerli futbol assosiasiyanın iclasını gözləyirik. Azərbaycan çempionatında səkkiz tur qalıb. Həmçinin komandamız ölkə kubokunun yarımfinalına da vəsiqə qazanıb”.

Səbuhi Musayev