Anar Ağakişiyev: “Stilist Elnur müğənnilərin “sumka”sını daşımağı bacarır” - VİDEO

15:20 20-04-2020 516

“Beş-altı ildir ki, Azərbaycanda Biləcərini keçmişəm. Stilist həmkarım Elnur Həsənov isə yox”.

HerGun.Az xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev “MTV Azərbaycan” televiziyasında yayımlanan “Söhbətsiz” proqramında deyib. Anar Elnurla uzun zamandır ki, aralarında yaşanan qalmaqalı yada salaraq, arxivləri yenidən vərəqləyib və onu efir vasitəsilə ifşa edib:

“Qarşı tərəf (Elnur Həsənov - red.) öz fikrini söyləyir və mənim susmağımdan istifadə edir. Fikirləşir ki, əgər mən susuramsa, deməli, haqlıdır. Amma bu yalanların çox olduğunu görüb, qərara gəldim ki, daha susmayım. Münasibətimiz yaxşı idi, yəni “salam-sağ ol”. Ölkəmizdə keçirilən “Avroviziya” mahnı müsabiqəsi zamanı birlikdə vizajist qrupunda çalışırdıq. O, iki pillə aşağı qrupda idi. Bunda bir qəbahət yoxdur. Təcrübə baxımından mən və bir neçə adlı-sanlı vizajistlər ondan yuxarı qrupda idik. Yanımda əyləşirdi, münasibətimiz də əla idi. Amma dostluğumuz yox idi. Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəldi. Nigar Camal da məndən xahiş etdi ki, atası Neslihanın heyranıdır, danış, onları görüşdürək. Normal şəkildə Nigar və atası aktrisa ilə görüşdülər. Daha sonra isə Elnurla Nigarın arasında söhbət olub. Nigar deyib ki, atamla mən də Neslihanla şəkil çəkdirdik. Nigarın Elnura söylədiyi “Bəs sən niyə N.Atagüllə şəkil çəkdirmədin?” sualına həmkarım “Dedilər ki, Neslihan əsəbidir, ağlayıb, makiyajını silib, bəyənməyib” deyə, cavab verib. Nigar daha sonra mənə bu məsələni danışanda reaksiyam birmənalı olmadı. Nigar heç istəmirdi bunu mənə desin. Gözlənilmədən səmimi şəkildə danışdı”.

Söylədim ki, belə bir şey olmayıb: “Hər şey yaxşı idi. İşimi bəyənməsəydi, mən orada nə gəzirdim?. Elə bu cür şayiə buraxdı. Cılız və qeyri-peşəkar bir “jurnalist” həmin xəbəri saytda yaydı. Bütün bu yaşananlardan sonra Elnur Həsənova belə mesaj yazdım: “Sənin həddin, başın və gücün üçün deyil ki, haqqımda bu cür çirkin və xoşagəlməz dedi-qodular yayasan”. Ondan sonra onun üstündən birdəfəlik xətt çəkdim. O, dəfələrlə mənə zəng etsə də, əhəmiyyət vermədim”.

A.Ağakişiyev özünü E.Həsənovla eyni səviyyədə görmədiyini dönə-dönə vurğulayaraq, bu məsələdən əsəb keçirdiyi bildirdi:

“Bu il iş təcrübəmin iyirmi illiyini qeyd etdim. Aramızda kifayət qədər böyük təcrübə fərqi var. Ola bilər ki, o məşhurdur və özünə görə auditoriyası var. Amma bu adam Azərbaycandan kənarda tanınmır. Onunla məni bir tutanda qıcıqlanıram. Çünki mən bu işə ömrümü, əsəblərimi sərf etmişəm ki, ölkədən kənarda - xaricdə tanınım. O məndən qat-qat aşağıdadır. Bunu alçaltmaq mənasında demirəm. Aramızda çox böyük fərq var. Elə bu şeylərə görə stilist adından utanıram”.

Anar onunla deyil, Elnurla çalışan Xalq artistlərinin adlarını bir-bir çəkib, qarşı tərəfi fikirləri ilə sancıb:

“Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənni Samirə Allahverdiyeva ilə işləməmişəm. Onların zövqü Elnur Həsənovla üst-üstə gəlir. Zamanında Xalq artistləri Aygün Kazımova və Röya Ayxanı təpədən-dırnağa mən bəzəmişəm. Lazım olub, “sumka”sını da götürüb, el məclisinə onlarla getmişəm. Amma indi mən bunu bacarmıram. Bu yaşdan sonra bunu etmək mənlik deyil. Amma Elnur onu bacarır da, edir də”.

Proqramın aparıcısı Samir Bayramlının “Müğənni İradə İbrahimovanın bacısı - stilist və vizajist Nigar İbrahimova ilə aranızda soyuqluq yaşanır” şərhinə A.Ağakişiyev “Karantində ölüləri diriltməyə gəlməmişəm” deyərək, məsələyə özünəməxsus şəkildə nöqtə qoyub.

Rəşad Əliyev