Dünya şöhrətli azərbaycanlı dizayner: “Nə “Zara”, nə də H&M-əm” - VİDEO

21:40 22-04-2020 491

“Koronavirus pandemiyası moda biznesinə böyük zərbə vurub”.

HerGun.Az xəbər verir ki, bu sözləri “Afffair.fff” markasının yaradıcısı, dünya şöhrətli dizayner və modelyer Rüfət İsmayıl İTV-də yayımlanan “Dikdaban” sosial-ictimai proqramda deyib.

Dizayner dünyanı cənginə alan koronavirus pandemiyasının moda aləmini də çökdürdüyünü dilə gətirib:

“Moda həftələri Nyu-Yorkdan başlayır, Paris və İtaliyada davam edir. O müddətdə mən də Parisdə idim. “Afffair.fff” markamın yeni kolleksiyasını nümayiş etməyə hazırlayırdım. Multi-brend mağazaların alıcıları təqdim edilən markaların yeni kolleksiyasını sifariş etmək üçün Parisə gəlmişdirlər. Onu da deyim ki, bu il təqdim etdiyim yeni kolleksiya multi-brend mağazaların alıcıları tərəfindən çox rəğbət gördü. Beş gündən sonra onlar bizimlər əlaqə saxlayaraq alış-verişlərini təxirə saldıqlarını bildirdilər. Söylədilər ki, biz heç bir geyimi ala bilmirik, çünki bütün mağazalarımız COVİD-19-a görə bağlandı.

Mən nə “Zara”yam nə də ki H&M. Onlar hər ay yeni kolleksiya satışa buraxırlar, mən isə ildə iki dəfə. “Zara” və H&M kimi multi-brendlər pandemiyaya görə 40-50 milyon pul itirdilər. Moda sahəsi bu dəqiqə ən pis günlərini yaşayır. Bundan sonra nələrin olacağını belə heç kim proqnozlaşdıra bilmir. Amerikada “Tom Ford” kimi məşhur brend moda sahəsini yenidən ayağa qaldırmaq üçün insanlardan pul toplayır”.

R.İsmayıl geyinməyi sevən xanımlara üzünü tutaraq, ümidli mesaj yollayıb:

“Koliforniyada “Show-room”um var. Oradan bir həftə öncə zəng vurub söylədilər ki, bundan sonra jurnallara, saytlara önəm veriləcək. “Grammy” və “Oscar” kimi mötəbər mükafatlandırma gecələrində gördüklərimizi çox məşhur dəb saytlarından görə biləcəyik. Tarixdə müharibələr olsa da, dəb yenə də dəb olaraq qalırdı. Dəb heç bir zaman çıxıb getmir. Hər zaman bizimlədir. Qadınlar hər zaman gözəl və füsunkar geyinmək istəyəcəklər. Biz dizaynerlər də bu istiqamətdə əlimizdən gələni xanımlardan əsirgəməyəcəyik”.

Qeyd edək ki, Rüfət İsmayıl ilk və yeganə azərbaycanlı dizaynerdir ki, kolleksiyaları İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi mötəbər podiumlarda nümayiş etdirilib.  

“FashionTV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.  

Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Rüfət İsmayıl 2019-cu ildə “Men’s Health” kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. 

Rəşad Əliyev