İlqar Rəhimov: “Paralimpiya növlərindən beşinin İslamiadaya salınması üzərində danışıqlar gedir”

12:20 27-04-2020 457

“Gələn il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdiriləcəyi gözlənilir. Buna səbəb onun Paralimpiya Oyunları ilə üst-üstə düşməsidir”.

Bunu HerGun.Az-a Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

O bildirib ki, 2021-ci ilin 20-29 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuş V İslam Həmrəylik Oyunlarına paralimpiya növlərindən də salına bilər:

“Əsasən, atletika, üzgüçülük, kamandan oxatma və stolüstü tennisin paralimpiya növlərinin İslamiadaya salınması üstündə danışıqlar gedir. 2017-ci ildə Bakıda bu yarışın dördüncüsü keçiriləndə paracüdo proqrama salınmışdı.

Biz onda dörd qızıl, dörd gümüş və üç bürünc medal qazanmışdıq. Bu dəfə paracüdo əvvəl proqramda olsa da, sonradan çıxarıldı. Buna səbəb türklərin cüdoda o qədər də güclü olmamasıdır.

Boççia Olimpiya idman növü kimi ilkin proqramda var. Danışıqlar aparırıq ki, bu idman növü paralimpiyaçılar üçün də olsun”.

İlqar Rəhimov ilkin proqramına 21 idman növünün daxil edildiyi V İslam Həmrəylik Oyunlarının vaxtının tezliklə dəyişdiriləcəyini bildirib:

“İstənilən halda, İslamiadanın vaxtı dəyişdiriləcək. Çünki gələn il Tokio Olimpiya Oyunları başa çatan kimi bu yarışın dərhal başlaması inandırıcı deyil. Ona görə də hələ İslamiadanın yeni vaxtı və dəqiq proqramı bilinmir”.

Qeyd edək ki, V İslam Həmrəylik Oyunlarının meydan sahibi kimi Türkiyə olması 2017-ci ilin aprelin 6-da Bakıda keçirilən iclasda təsdiqlənib. İslam Həmrəyliyi Oyunları Federasiyasının İdarə Heyətinin XXV iclasında meydan sahibi kimi İstanbul təsdiqlənsə də, ötən ilin dekabrında şəhər olaraq hüquq Konyaya verilib. 

Səbuhi Musayev