Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur” - ÖZƏL

16:00 29-04-2020 489

“Hamı kimi mən də karantini evimdə keçirirəm. Karantindən əvvəl də toydan toya, efirdən efirə küçəyə çıxmırdım. Məni tanıyanlar bilir ki, Mətanət bütün günü evdədir. Evin yükü mənim çiynimdədir. Yeməyi özüm bişirirəm, köməkçim də yardım edir”.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində müğənni Mətanət Əsədova deyib. Bu mövzu ətrafında müğənni fikirlərini belə tamamlayıb:

“Tək istəyim odur ki, karantindən sonra ruzimiz çoxalsın, yeni mahnılar yazdırıb, işlər görüm”.

Sonuncu dəfə Əməkdar artist Elza Seyidcahanla “Xəzər TV”də yayımı dayandırılan “Hər Şey Daxil” səhər şousunda söz savaşına çıxdıqdan sonra efirlərdən ilim-ilim itən, səsi-sorağı kəsilən sənətçi verilişlərdə iştirak etməməsinə belə münasibət bildirib:

“Efirlərə çıxmamağımın ən böyük səbəbi yeni mahnımın olmamasıdır. Yeniliyim yoxdursa, efirlərə niyə çıxım? Müğənni tamaşaçının qarşısına yeni işi ilə çıxmalıdır. Təkrarçılıqdan xoşum gəlmir.

Verilişlərə çoxlu dəvətlər alıram. Amma getməyi düşünmürəm. Canlı efirlərə çağırırlar. Elə veriliş var ki, yarısı reklama həsr olunur. Oxumağa, sənət göstərməyə vaxt qalmır”.

Məşhurların yardımlarını başına qaxınc edən sosial şəbəkə izləyiciləri Əsədovanın qəzəbinə səbəb olub:

“Sosial şəbəkələrdə görürəm ki, bir çox tanınmış şəxslər bu çətin günlərdə imkansızlara yardım edirlər. Amma sosial şəbəkələrdə izləyicilər yazırlar ki, məşhurların borcudur. Bu, tamamilə səhv düşüncədir. Çünki heç kimin heç kimə borcu yoxdur. Onlar bu yardımı Allaha xatir edirlər. Kimin maddi imkanı çatır, imkansızlara yardım edir. Hamının borcu bir tək Allahadır”.

Rəşad Əliyev