İlham Əliyev koronavirusun çox yayıldığı ərazilərin rəhbər orqanlarına xəbərdarlıq etdi

17:00 07-05-2020 412

“Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, sanki virus məhv olub”.

HerGun.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, karantin qaydalarına riayət etməyən insanlara qarşı ciddi tədbirlər görüləcək.

“Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlar insanların həyatını risk altına salsın. Bu, qətiyyən mümkün deyil”, - deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, hazırda Azərbaycanın bəzi bölgələrində, xüsusilə Gəncə şəhərində pandemiyanın yeni mərhələsi başlayır:

“Buna çox ciddi yanaşmaq lazımdır. Buna görə də indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların 30, 40, 50 faizi Gəncə şəhərinin, belə demək mümkündürsə, hesabına artır. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bunun səbəbləri araşdırılır”.

Prezident qeyd edib ki, həmin ərazilərdə insanlar və rəhbər orqanlar vaxtında tədbir görməyiblər.

“Harada ki, vaxtında tədbirlər görülür, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Buna görə də, karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil”, - deyə Prezident əlavə edib.