Rafael Dadaşovun qızı Səidə: “Atam yuxuma gəlmir” - VİDEO

23:20 08-05-2020 557

“Oğlum Rafael babası Rafaelə oxşayır. Atam da hər zaman deyirdi ki, yeganə nəvəmdir ki, bu qədər mənə bənzəyir”.

HerGun.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova Xəzər TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramının canlı efirinə qoşularkən deyib.

Səidə atasız keçən günlərindən danışıb, onunla olan xatirələrini bölüşüb:

“Kaş, hamı mənim kimi atasına və ailəsinə bağlı bir övlad olsun. Demirəm, atam öldü, deyirəm ki, o bizi tərk etdi. "Öldü" sözünü heç zaman dilimə gətirmirəm. Sadəcə, uzaqlarda, gələ bilmədiyi bir yerdə bizi izləyir.

Atama hər zaman layiq övlad olmağa çalışmışam. Atam məni oğlan kimi, çox dəcəl böyütdü. Atam deyirdi ki, Səidə, sən aslan qızımsan. Bir övlad kimi onun üçün çox şeyi edə bilmədim. Onunla bağlı çoxlu planlarım var idi. Amma atamın ömrü yetmədi onları reallaşdırmağa.

Atam yuxuma gəlmir. Amma həyat yoldaşımın yuxusuna hər gün gəlir”.

Qeyd edək ki, aktyor ötən ilin dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Mərhum sənətkar R.Dadaşov bu ilin 16 mart tarixində vəfat edib.

Rəşad Əliyev