“Xanlar” parkı barədə sosial şəbəkələrdə yayılan dezinformasiyalarla bağlı AÇIQLAMA - FOTO

23:00 13-05-2020 452

Bakı şəhərinin hər yerində olduğu kimi, Səbail rayonunun mərkəzi hissəsində, eyni zamanda Badamdar və Bibiheybət qəsəbələrində, Bayıl və 20-ci yaşayış sahələrində ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən abadlıq və yenidənqurma işləri intensiv şəkildə davam etdirilir.

15 000-dən çox sakinin yaşadığı Bayıl yaşayış sahəsində də qısa müddət ərzində bir çox genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilmiş, su və kanalizasiya xəttləri yenilənmiş, küçə və məhəllədaxili yollara yeni asfalt örtüyü salınmış, çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad hissələri təmir edilmiş, hal-hazırda isə Əli Nəzmi küçəsində 7 çoxmənzilli yaşayış binasında “Bizim həyət” layihəsi çərçivəsində təmir-tikinti işləri davam edir.

Səbail Rayon İcra Hakimiyyətindən HerGun.Az-a daxil olan məlumata görə, ümumi sahəsi 12 500 kv.m. olan “Xanlar” parkında da təmir işləri həyata keçirilir, burada sakinlərin istirahətinin səmərəli təşkil edilməsi üçün oturacaqlar, idman qurğuları, uşaq və oyun meydançaları quraşdırılır.

Qısa müddət ərzində parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə qərəzli şəkildə şər və böhtan xarakterli məlumatlar yayılmaqdadır. Bununla bağlı qeyd etmək istəyirik ki, “Xanlar” parkında təmir işləri başlamamışdan öncə bir ədəd 57 kv.m. sahədə dəmir kostruksiyadan inşa edilmiş, sanitar-gigiyenik qaydalara cavab verməyən iaşə obyekti (çayxana) fəaliyyət göstərirdi. Parkda təmir işləri başlanılan zaman həmin obyekt sahibi tərəfindən demontaj olunub, həmin yerdə uşaq meydançası quraşdırılıb.

Hazırda sosial şəbəkələr vasitəsi ilə özünü qeyd olunan obyektin sahibi kimi qələmə verən, həqiqətdə isə həmin obyektin icarədarı olan şəxsə parkın ərazisində eyni ölçüdə iaşə obyektinin tikintisinə icazə verilib.