Bir ölkə daxilində ən uzun təyyarə reysi həyata keçirildi: 16 129 kilometr

02:40 17-05-2020 345

Fransanın “French bee” aviaşirkətinin təyyarəsi bir ölkə daxilində dünyanın ən uzun fasiləsiz reysini həyata keçirib. Hava gəmisi dayanmadan 16 saat 49 dəqiqə uçub və 16 min 129 kilometr məsafə qət edib.

Aviaşirkətin “Facebook” səhifəsində verilən məlumata görə, təyyarə Fransaya məxsus Taiti adasından Parisə uçub.

“Dünya rekordu yeniləndi! “French bee” iftixarla xəbər verir ki, “Airbus A350-900” təyyarəsi ən uzun daxili kommersiya aviareysini həyata keçirib: Taiti ilə Paris arasında 16 129 kilometr məsafə və 16 saat 49 dəqiqə”, - aviadaşıyıcının məlumatında deyilir.

Qeyd olunur ki, laynerin göyərtəsində 20 ton dərman olub.

Bundan əvvəlki rekord “Air Tahiti” aviaşirkətinə məxsus idi. Həmin aviadaşıyıcının təyyarəsi fasiləsiz olaraq 16,5 saata 15 715 kilometr məsafə qət edərək, Fransa Polineziyasından Parisə uçmuşdu.