COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı

03:40 17-05-2020 22

Rusiyalı həkim, otorinolarinqoloq Vladimir Zaytsev COVID-19-un insan orqanizminə təsirini təfərrüatı ilə təsvir edib. Onun sözlərinə görə, koronavirusa yoluxmada tənəffüs sisteminin, demək olar ki, bütün strukturları zədələnir.

“Zvezda” telekanalı xəbər verir ki, V.Zaytsev bununla bağlı deyib:

“Əgər adi soyuqdəymədə, kəskin respirator virus xəstəliklərində iltihabi proses burun və ya udlaq səviyyəsində baş verirsə, koronavirus infeksiyasında burunun selikli qişası, ola bilsin ki, həmçinin, burunətrafı ciblər, udlağın arxa divarı, qırtlaq-udlaq, traxeyalar, bronxlar və ağciyərlər zədələnir”.

Onun sözlərinə görə, virus ilk növbədə immun sisteminə zərbə vurur ki, bu da immunodepressiyaya səbəb olur. Həmin vəziyyət əvvəllər tənəffüs sistemində heç bir problemi olmayan pasiyentlərdə belə bronx-ağciyər xəstəliklərinin inkişafına gətirib çıxara bilər.

Mütəxəssisin fikrincə, COVID-19-un ən qorxulu ağırlaşması poliüzvi çatışmazlıqdır. Bu halda bir neçə daxili orqanın funksiyası eyni vaxtda pozulur, misal üçün, pankreatit və ürək çatışmazlığı inkişaf etməyə başlayır.