Belçikalı həkimlər Baş nazir üçün “utanc dəhlizi” qurdular - VİDEO

01:00 18-05-2020 20

Belçikanın səhiyyə işçiləri ölkənin Baş naziri Sofi Vilmesi özlərinə məxsus şəkildə boykot ediblər. Onlar ölkədə koronavirus səbəbindən yaranmış vəziyyətə görə ittiham etdikləri Baş nazir üçün “utanc dəhlizi” düzəldiblər.

Bu barədə RTBF kanalı məlumat yayıb.

Məlumata görə, Brüsselin xəstəxanalarından birinə gələn Vilmes tibb işçiləri ilə COVID-19-la mübarizə məsələlərini müzakirə etmək istəyib. Onu 120-yə yaxın səhiyyə işçisi xəstəxanaya aparan yolun hər iki tərəfində düzülərək qarşılayıb. Lakin Vilmesin korteji xəstəxanaya çatar-çatmaz onlar arxalarını maşınlara tərəf çeviriblər.

Həkimlərin həmkarlar ittifaqı bildirib ki, onlar bu hərəkəti yerli hökumətin pandemiya ilə mübarizəyə qeyri-ciddi münasibətinə görə ediblər.

Qeyd edək ki, Belçikada 55 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Bu virusdan ölənlərin sayı isə 9 mini ötüb.