Roberto Karlos: "Ronaldonu heç bir futbolçu ilə müqayisə etmək olmaz"

15:20 18-05-2020 458

Braziliya milli komandasının tarixində ən yaxşı sol müdafiəçilərdən biri hesab olunan Roberto Karlos yığmada və “Real” (Madrid) klubunda birgə oynadığı Ronaldonu heç bir ulduz futbolçu ilə müqayisə etmək istəmədiyini söyləyib.

Türkiyənin NTV kanalı xəbər verir ki, R.Karlos “Yekədiş” ləqəbli futbolçunun Messi, Kriştianu Ronaldu və Neymardan daha güclü idmançı olduğunu iddia edib.

“Bizim vaxtımızda qol vurmaq indikindən çətin idi. Lakin Ronaldo qapı torunu asanlıqla silkələyə bilirdi. O, 80 minlik “Santyaqo Bernabeu” stadionunu özünə heyran etmişdi”.

Qeyd edək ki, R.Karlos futbolçu karyerasını bitirəndən sonra bir müddət Türkiyə klublarında baş məşqçi kimi çalışıb.

Hazırda vətənində yaşayan sabiq futbolçu xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.